“Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı növbəti vətəndaş şikayəti gündəmə gəlib. İB bir ailəni 3 gündür qazsız qoyub.
Tribuna.az xəbər verir ki, bu barədə Fərid Əhmədoğlu adlı şəxs sosial şəbəkə hesabında paylaşım edib.
Vətəndaşın sözlərinə görə, beşinci günün axşamından qaz sayğacı bloklanaraq koda düşüb. O, dərhal aidiyyəti quruma zəng edərək problem barədə məlumat verib. Ona bildirilib ki, növbəti gün ərzində əraziyə əməkdaş göndəriləcək və xüsusi kart vasitəsilə sayğac blokdan çıxarılacaq.
Lakin şikayətçinin iddiasına görə, ertəsi gün onunla heç kim əlaqə saxlamayıb. Daha sonra əraziyə xidmət göstərən qaz əməkdaşı ilə özü əlaqə saxlayan sakin gözlənilməz cavabla qarşılaşıb. Məlum olub ki, sayğacı blokdan çıxarmaq üçün lazım olan xüsusi kart həmin əməkdaşda da yoxdur.
Vətəndaşın bildirdiyinə görə, müxtəlif qurumlara müraciət etsə də, heç kimdə həmin kart tapılmayıb. Yenidən 104 xidmətinə zəng etdikdə isə ona kartın yalnız satışda olduğu və bazar ertəsi əldə edilə biləcəyi bildirilib.
Bu vəziyyət vətəndaşın ciddi narazılığına səbəb olub. O, qışın soyuğunda üç gün qazsız qalmalı olduqlarını, yemək bişirmək və evi qızdırmaq üçün çətinlik çəkdiklərini vurğulayıb.
Şikayətçi ərazi üzrə xidmət göstərən əməkdaşlarda sayğacı blokdan çıxarmaq üçün zəruri kartların olmamasını da sual altına alıb: “Bu kart nə olan şeydir ki, heç olmasa ərazi üzrə göndərdiyiniz adamlarda olmasın? O boyda rayon üzrə bir adamda kart yoxdur? Bu necə iş bölgüsüdür?”
Vətəndaşın sözlərinə görə, problemin həlli üçün bir neçə gün gözləməli olması “Azəriqaz”ın xidmətinin təşkili ilə bağlı suallar yaradır.
Gülşən Rəsul









