Meyxana niyə efirdən kənarda qalır? – Rüfət Nasosnu səbəbləri açıqladı

Meyxana niyə efirdən kənarda qalır? – Rüfət Nasosnu səbəbləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar efirlər meyxanaya və meyxanaçılara yer vermir. Halbuki efirlər uzun illər meyxanaya yalnız “reytinq” gözü ilə baxıb. Meyxana onlar üçün daha çox tamaşaçı cəlb etmək və pul qazanmaq vasitəsi olub”.

Tribuna.az xəbər verir ki, bu fikirləri Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu səsləndirib.

Onun sözlərinə görə, efir məkanında meyxanaya münasibət zaman-zaman dəyişsə də, bu sahəyə yanaşmada ədalət prinsipi qorunmayıb.

Sənətçi bildirib ki, meyxanaçılar digər sənət nümayəndələri ilə müqayisədə həm efirdə, həm də məclislərdə eyni imkanlara malik olmur:

“İndiyə qədər hansısa aparıcının və ya tanınmış şəxsin toyunda meyxana deyənin dəvət olunduğunu görməmişik. Müğənnilər öz məclislərinə meyxanaçı çağırmır. Amma meyxana deyənlər tez-tez müğənniləri dəvət edir. Müğənnilərin böyük əksəriyyətinin toyunda meyxanaçı iştirak etsə də, bundan qazanc əldə etmir”.

Rüfət Nasosnu efir siyasətindəki fərqli yanaşmanı da tənqid edib:

”İndi efirdə Elcanla Elton meyxana deyir. Onlar  meyxananı bilir, amma deyə bilmirlər. B,u necə olur, onlar efirdə meyxana deyə bilər, ancaq meyxanaçını efirə dəvət etmək olmaz? Bu, necə yanaşmadır? Eltonun dediyi meyxana qəbul olunur, amma meyxanaçıların yox. Biz Eltonun meyxana deməsinə pis baxmırıq, sadəcə olaraq efirlərin bu hərəkətinə qiymət verə bilmirik. Bu, düzgün yanaşma deyil. İndi necə edək ki, bizim də hörmətimiz olsun, həm də efirlərinizə dəvət edəsiniz”.

Onun fikrincə, bəzi tanınmış şəxslərin meyxana deməsi qəbul edildiyi halda, peşəkar meyxanaçıların efirə çıxışı məhdudlaşdırılır:

“Digər ənənəvi sənət sahələrinə – xüsusilə muğam ifaçılarına efirlərdə geniş yer ayrıldığı halda, meyxana söz sənəti kimi eyni diqqəti görmür. Muğam səs sənətidir deyə hər yerə dəvət olunur. Meyxana da söz sənətidir. Aktyor səhnə sənətini təmsil edir, qiraətçi şeir deyir – bunların hamısı efirdədir. O zaman söz sənətinə də yer verilməlidir”.

O, həmçinin vurğulayıb ki, ayrı-ayrı meyxanaçıların davranışını ümumiləşdirib bütün sahəyə şamil etmək düzgün deyil:

“Bəli, özünü düzgün aparmayanlar var. Amma bu, bütün meyxanaçıların eyni olduğu anlamına gəlmir. Biz cəmiyyətin bir üzvü olaraq özümüzü sübut etmişik”.
Rüfət Nasosnu meyxananın dini baxımdan mübahisəli qəbul edildiyini də qeyd edib, lakin bunun sənətin ictimai rolunu inkar etmədiyini bildirib:

“Meyxana müqəddəs sənət sayılmaya bilər, amma orada insanlara təsir edən, iz qoyan fikirlər var. İnsan həyatına təsir edən əsas amil onun öz seçimləridir, bunu meyxana ilə əlaqələndirmək doğru deyil”.

Sənətçi bəzi müğənnilərin məclislərdə yüksək qonorar və “sabaş” əldə etdiyini xatırladaraq, meyxanaçılara münasibətdə fərqli yanaşmanın olduğunu vurğulayıb:

“Bəzi müğənnilər bir məclisdən böyük məbləğlər qazanır. Eyni zamanda, onların zarafat və ya əyləncə xarakterli meyxana deməsi qəbul olunur. Amma peşəkar meyxanaçıların fəaliyyəti eyni münasibəti görmür”.

Meyxanaçı sonda efir məkanına çağırış edərək bildirib ki, bu sənətə daha obyektiv yanaşma və bərabər imkanlar yaradılmalıdır:

“Biz kiminsə meyxana deməsinə qarşı deyilik. Sadəcə istəyirik ki, bu sənətə hörmətlə yanaşılsın və meyxanaçılar da efirdə layiqli şəkildə təmsil olunsun”.