Sumqayıtda idman zalında məşqçisinin kobud rəftarı səbəbindən dünyasını dəyişən 7 yaşlı uşağın faciəsi son bir ildə məşqçinin səbəb olduğu, onun adı ilə bağlı olan növbəti dəhşətli hadisə oldu.
Tribuna.az xəbər verir ki, belə hadislərdən biri də ötən ilin sentyabrnda baş vermişdi. Belə ki, 35 yaşlı Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü kikboksinq üzrə tanınmış məşqçi olan Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirmişdi.
“Sərhədçi” idman kompleksində çalışan məşqçinin həyat yoldaşına və övladlarına tez-tez şiddət göstərdiyi, qadının da bunlara dözməyərək onu qətlə yetirdiyi məum olmuşdu.
Məktəblinin idman zalında öldürülməsi ilə nəticələnən növbəti hadisə isə ötən ilin noyabr ayında baş vermişdi. 16 yaşlı Turan Rüstəmov yarış zamanı idman zalında 20 yaşlı Ruslan Səfixanov tərərfindən öldürülmüşdü. Şağan Olimpiya Kompleksində cüdo yarışı zamanı baş vermiş hadisəni də əməkdar məşqçi Elçin Səfixanovun oğlu cüdoçu Ruslan Səfixanov törətmişdi.
Mövzu ilə bağlı danışan sosioloq Sənubər Heydərova bildirib ki, bizdə insanlar idmanla sağlamlıq üçün deyil, vəhşiləşmək üçün məşğul olurlar:
“Bizdə hamı idmana ona görə gedir ki, vəhşi görünsünlər, vəhşiləşsinlər, qoluzorlu olsunlar, adamdöyən olsunlar, xoxgələn olsunlar. Ətraf da həvəsləndirir belə adamları ki, “kələdi e, kələ”. Bəli, elə məhz kələ olurlar, adam yox.
İdman da pedoqoji qabiliyyət tələb edən, mədəniyyəti, fəlsəfəsi olan sahədi. Bununla da normal başı olan adamlar məşğul olmalıdı, bütün uşaq müəssisələrinə olduğu kimi buna da xüsusi nəzarət lazımdı”.









