Tribuna.az xəbər verir ki, Böyük Britaniyanın King’s College London universitetində aparılan yeni araşdırma nar, qoz və böyürtkən kimi qidaların həzmindən sonra orqanizmdə yaranan ürolitin A adlı təbii birləşmənin ürək çatışmazlığının müəyyən formasında ürəyin fəaliyyətini 80 faizə qədər yaxşılaşdıra biləcəyini göstərib.
Tədqiqatçılar ürəyin qanı normal pompaladığı, lakin ürək əzələsinin sərtləşməsi səbəbindən döyüntülər arasında kifayət qədər boşala və qanla dolmaya bildiyi qorunmuş ejeksiya fraksiyalı ürək çatışmazlığını (HFpEF) araşdırıblar. Bu vəziyyət bütün ürək çatışmazlığı hallarının təxminən yarısını təşkil edir.
Araşdırma zamanı ürolitin A-nın damarların sağlamlığı və ürək əzələsinin boşalmasında mühüm rol oynayan PKG1α adlı zülalı aktivləşdirdiyi müəyyən edilib.
Maddə ilə müalicə olunan sınaq nümunələrində ürəyin fəaliyyətinin 80 faizə qədər yaxşılaşdığı, ürək əzələsinin yığılmadan sonra daha yaxşı boşaldığı müşahidə olunub. Təcrübələr həmçinin ürolitin A-nın ürəyin qanla dolmasını çətinləşdirən toxuma sərtliyini azaltdığını göstərib.
Alimlər daha sonra maddəni insan kök hüceyrələrindən laboratoriyada yaradılmış süni ürək toxumasında da sınaqdan keçiriblər. Burada da ürək əzələsinin boşalma qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib.
Tədqiqatın müəllifi, doktor Joseph Burgoyne bildirib ki, yaşlanan əhali, piylənmə və diabet səbəbindən bu ürək çatışmazlığı növü getdikcə daha geniş yayılır.
Mütəxəssislər isə nəticələrin “nar yeməklə ürək çatışmazlığını müalicə etmək mümkündür” anlamına gəlmədiyini xüsusi vurğulayıblar. Ürolitin A əsasında yeni dərmanların hazırlanması üçün klinik sınaqların keçirilməsi planlaşdırılır.
İmran Kərimli









