Hüquqşünas Əlövsət Əliyev “Kapital Bank” da üzləşdiyi problemi sosial media hesabında yazıb.
Tribuna.az onun postunu olduğu kimi təqdim edir:
“Bu gün Kapital Bankda valyuta dəyişmək istəyərkən rastlaşdığım bir məsələni sizinlə bölüşmək istəyirəm.
4 ədəd 200-lük əsginazdan ibarət 800 avro dəyişməli idim. Valyutanı dəyişmək üçün Kapital Bankın 20 Yanvar yaxınlığında, Bravo marketində yerləşən valyuta mübadiləsi xidmətinə yaxınlaşdım. Bank əməkdaşları mənə dedilər ki, 1000 avrodan aşağı məbləğlər kassada deyil, yaxınlıqdakı aparatda dəyişdirilməlidir.
Aparata yaxınlaşdım, lakin məlum oldu ki, aparat 200-lük əsginasları qəbul etmədi. Yenidən banka qayıtdım. Bank əməkdaşı ilə aramızdakı müvahisəni eşidən bir vətəndaş mənə kömək etdi, 200-lük əsginasları xırdaladı və mənə daha xırda əsginaslar verdi. Həmin əsginasları aparatda manata dəyişə bildim.
Əməliyyat baş tutdu. Lakin yaranan qəpik məbləği mənə nağd şəkildə qaytarılmadı. Bunun əvəzinə çek verildi və çekdəki QR kodu telefonla oxutmaqla həmin məbləği hesabıma köçürməli oldum. Pul dərhal hesabıma oturdu.
Həmin məbləğı manat hesabına oturdan zaman yenə qəpik məbləği mənə qaytarılmadı.
Mənim üçün əsas məsələ qəpik məbləğinin hesaba köçürülməsi deyil.
Məni düşündürən əsas sual budur: 1000 avrodan aşağı məbləğin məhz aparat vasitəsilə dəyişdirilməsi tələbinin hüquqi əsası varmı?
Bu sualı bank əməkdaşına verdim. Mənə bunun “bankın daxili qaydası” olduğu bildirildi. Xahiş etdim ki, həmin qaydanın hansı qanuna və ya normativ hüquqi akta əsaslandığını mənə yazılı şəkildə göstərsinlər. Lakin mənə belə bir sənəd təqdim olunmadı.
Daha sonra bankın rəhbər şəxslərindən biri yanıma gəlib soruşdu ki, yazılı əsaslandırmanı nə üçün istəyirəm. Mən də izah etdim ki, bu məsələ ilə bağlı artıq bir saatdan çox vaxt itirmişəm və sadəcə tətbiq olunan qaydanın hüquqi əsasını bilmək istəyirəm. Lakin mənə rəsmi cavab verilmədi.
Əgər bunun qanuni və əsaslandırılmış səbəbi varsa, düşünürəm ki, bank bunu müştəriyə aydın şəkildə izah etməlidir.
Kapital Bankın bu suala cavabını eşitmək maraqlı olardı.
Beləliklə, sadəcə 800 avronu manata çevirmək üçün bir saatdan çox vaxtım getdi”.
Həsən Ağa









