Tribuna.az xəbər verir ki, mütəxəssislər tütün istifadəsinin ağciyər xərçəngi riskini 15-20 dəfə artırdığını bildirirlər. Tütün məhsullarının tərkibindəki minlərlə zərərli maddə hüceyrələrin DNT-sinə zərər vuraraq xərçəngin yaranmasına səbəb ola bilər.
Sağlamlıq Elmləri Universitetinin Radiasiya Onkologiyası kafedrasının rəhbəri, professor Esengül Koçak bildirib ki, tütünün tərkibində orqanizmin iltihabi sisteminə təsir edən kanserogen maddələr var.
Onun sözlərinə görə, tütün orqanizmə daxil olduğu andan toksinlərin xaric edilməsinə qədər keçdiyi bütün mərhələlərdə xərçəng törətmək potensialına malik kanserogen maddələr daşıyır.
“Tütün məhsullarında 7 mindən çox zərərli maddə var. Onların təxminən 70-i xərçəngə səbəb olur. Tütün istifadəsi ağciyər xərçəngi riskini 15-20 dəfə artırır. Tütün ağciyər xərçənginin müxtəlif növlərinin artmasına səbəb olur. Cəmiyyətdə az bilinən sidik kisəsi xərçənginin riskini də əhəmiyyətli dərəcədə artırır”, – deyə Koçak bildirib.
Mütəxəssis tütünün yaratdığı xərçəng riskinin istifadə müddəti və gündəlik istehlak edilən siqaretlərin sayı ilə də əlaqəli olduğunu qeyd edib. Onun sözlərinə görə, insanın tütünə məruz qalma səviyyəsi artdıqca hüceyrələrdə DNT zədələnmələrinin sayı da artır.
Koçak tütündən istifadənin dayandırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, siqaret dayandırıldıqdan sonra orqanizm bərpa olunmağa başlayır. Elektron siqaret və digər tütün məhsullarının da təhlükəsiz olmadığını qeyd edən mütəxəssis qapalı məkanlarda tütün istifadəsinin qadağan edilməsini mühüm sağlamlıq tədbiri kimi qiymətləndirib.
Passiv siqaret çəkənlər də risk altındadır
Koçak siqaret çəkməyən, lakin tütün tüstüsünə məruz qalan insanların da xərçəng riski daşıdığını bildirib.
O, xüsusilə gənclərin tütün məhsullarından uzaq tutulmasının vacibliyini vurğulayıb və sağlam cəmiyyət üçün düzgün qidalanma və idman vərdişlərinin uşaqlıqdan formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Bezmialem Vəqf Universitetinin Tibb fakültəsinin professoru Hacı Ahmet Bircan isə tütün istifadəsinin dünyada insanların qarşılaşdığı ən mühüm ictimai sağlamlıq təhdidlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, tütün orqanizmin demək olar ki, bütün orqanlarına zərər verir və çoxsaylı xərçəng növlərinin yaranmasına səbəb ola bilər.
Bircan dünyada təxminən 1,2 milyard insanın tütün məhsullarından istifadə etdiyini, onların 80 faizinin aşağı və orta gəlirli ölkələrdə yaşadığını bildirib.
Hər il təxminən 7 milyon insan siqaret səbəbindən ölür
Mütəxəssis siqaretin yaratdığı xroniki xəstəliklərin həyati təhlükə daşıdığını və dünyada hər il təxminən 7 milyon insanın siqaret səbəbindən öldüyünü qeyd edib. Onun sözlərinə görə, Türkiyədə də hər il təxminən 100 min insan siqaretlə əlaqəli sağlamlıq problemləri səbəbindən həyatını itirir.
Bircan siqaretin ağciyər xərçəngi ilə yanaşı ağız, dil, qırtlaq, nəfəs borusu və sidik kisəsi xərçəngi ilə də birbaşa əlaqəli olduğunu bildirib. O, prostat, mədəaltı vəzi və qaraciyər xərçəngi də daxil olmaqla bir çox xərçəng növündə tütün istifadəsinin rolunun olduğunu deyib.
Mütəxəssis vurğulayıb ki, bir siqaret çəkməklə insan dərhal xərçəngə tutulmur. Lakin uzun müddət və çox miqdarda siqaret çəkilməsi hüceyrələrin DNT-sində struktur zədələnmələrə səbəb olur. Orqanizmdə DNT-ni bərpa edən mexanizmlər mövcuddur. Bu mexanizmlər zədələnmələri aradan qaldırmaqda kifayət etmədikdə mutasiyalar yaranır və nəticədə xərçəng inkişaf edə bilər.
Siqaret ağciyər xərçənginin yeganə səbəbidir?
Bircan siqaret çəkən insanlarda xərçəng yaranma ehtimalının çəkməyənlərlə müqayisədə 20-30 dəfə yüksək olduğunu bildirib.
Onun sözlərinə görə, siqaretdən başqa digər tütün məhsullarının – qəlyan, nargilə və siqarın istifadəsi də xərçəng riskini artırır. İnsan nə qədər çox siqaret çəkirsə və siqaretə nə qədər erkən yaşda başlayırsa, risk də bir o qədər yüksəlir.
Siqaret çəkmədiyi halda tütün tüstüsünə məruz qalan insanlarda da xərçəng yarana bilər. Mütəxəssis passiv siqaret çəkənlərdə xərçəng riskinin siqaret çəkməyənlərlə müqayisədə 20-30 faiz artdığını bildirib.
Elektron siqaret və qızdırılan tütün məhsullarının da insan sağlamlığı üçün ciddi risklər yaratdığını deyən Bircan bu cihazların yaratdığı buxarın tərkibində nikotinlə yanaşı kimyəvi və toksik maddələrin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu məhsulların təhlükəsiz olduğu barədə gənclər arasında formalaşan təsəvvür aradan qaldırılmalıdır. Nikotin tərkibli bu cihazlar asılılıq yarada bilər və onların istifadəsi sonradan siqaret çəkmə vərdişinin yaranması ilə də əlaqələndirilir.
Bircan ağciyər xərçənginin əsas səbəblərindən birinin tütün və tütün məhsulları olduğunu bildirib. Onun sözlərinə görə, ağciyər xərçəngi hallarının təxminən 80-90 faizi siqaretlə əlaqələndirilir.
Bununla yanaşı, mütəxəssis ağciyər xərçənginin yeganə səbəbinin siqaret olmadığını da qeyd edib. Genetik meyillilik, əvvəllər mövcud olmuş ağciyər xəstəlikləri və iş mühitində radiasiya kimi amillər də xəstəliyin yaranma riskini artıra bilər.
İmran Kərimli









