Tribuna.az xəbər verir ki, süni intellekt 217 il əvvəl Napoleon Bonapartın göstərişi ilə hazırlanmış və iki əsrdən artıq müddətdə tam şəkildə açıla bilməyən şifrəli hərbi məktubun məzmununu cəmi 6 saata deşifrə edib.
Söhbət 1809-cu ildə Fransa generalı Auguste de Marmonta göndərilən şifrəli məktubdan gedir. Sənəd birbaşa Napoleon tərəfindən yazılmayıb. Məktub Napoleonun göstərişi ilə İtaliya vitse-kralı Eugène de Beauharnais-in qərargahından hazırlanıb və Fransa qoşunlarının vəziyyəti barədə məxfi məlumatları ehtiva edib.
Süni intellekt üzrə bu işi kibertəhlükəsizlik şirkəti SentinelOne-da çalışan mühəndis Carter Church həyata keçirib. Onun sözlərinə görə, OpenAI-nin GPT-6 Astra modeli əvvəlcə 1202×1836 ölçülü sənədin görüntüsünü sətirlərə ayırıb, əl ilə çəkilmiş 175 fərqli işarəni analiz edib və eyni işarələrin təkrarlandığını müəyyənləşdirib.
Daha sonra süni intellekt şifrənin quruluşunu araşdırıb, xüsusi kod yazıb və tarixi məlumatlarla müqayisə apararaq məktubun mətnini bərpa edib.
Deşifrə edilmiş sənəddə Bavariya, Polşa və Fransa qoşunlarının yerləşdiyi mövqelər barədə məlumatların olduğu müəyyənləşib. Məktubda həmçinin Fransa ordusunun Friuli bölgəsindəki sayının 80 min nəfər olduğu qeyd edilir.
Sənəd 1809-cu ildə Avropada müharibə təhlükəsinin artdığı bir dövrə aiddir. Avstriya Fransaya qarşı müharibəyə hazırlaşır, Fransa ordusunun böyük hissəsi isə İspaniyada döyüşürdü. Dalmasiyada fransız qoşunlarına rəhbərlik edən Marmontun təcrid olunmaq təhlükəsi vardı.
Maraqlıdır ki, müxtəlif tədqiqatçılar illər ərzində sənədin məzmununu müəyyənləşdirməyə çalışsalar da, məktubun tam deşifrəsini dərc edən olmamışdı.
Carter Church araşdırmanın nəticələrini, şifrə cədvəllərini və istifadə etdiyi kodları da yayımlayıb. Bununla digər tədqiqatçılar nəticəni yenidən yoxlaya bilirlər.
İmran Kərimli









