Melitopol şəhəri uğrunda küçə döyüşləri gedir. Ukraynanın Melitopol şəhəri uğrunda şiddətli döyüşlər gedir. Bu barədə Melitopol rayonu üzrə dövlət administrasiyasının sədri İqor Sudakov bildirib.
O bildirib ki, Rusiya qoşunları şəhərdəki inzibati binaları tutmağa cəhd edir.
“Şəhərimiz üçün çox gərgin səhərdir. Düşmən Melitopol şəhərinin inzibati binalarını tutmağa və ya məhv etməyə çalışır. Siz öz evlərinizdə atəş və partlayış səslərini eşidirsiniz – şəhər döyüşləri gedir”, – deyə o qeyd edib.( Segodnya.ua)
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya ordusunun hərbi texnika kalonu şimal istiqamətindən şəhərə daxil olub. Şəhərin mərkəzində Rusiya ordusunun üzərində “Z” işarəsi qoyulmuş çoxsaylı hərbi texnikası hərəkət edir, avtomatlardan atəş açılır. Şəhərin cənub çıxışında da ötən gün axşamdan etibarən Rusiya hərbi texnikası dayanıb.
Ukrayna mənbələri xəbər verir ki, Şimali-Krım su kanalına, Kaxov şəhərinə nəzarəti ələ keçirəndən və Hersona doğru istiqamət alandan sonra Rusiya ordusunun zərbə qruplaşmalarından biri Zaporojye istiqamətinə dönüb. Və ötən gecə Melitopol şəhərinə daxil olub. Bu şəhər strateji əhəmiyyətlidir, oradan başqa şəhərlərə gedən yollar keçir. Bildirilir ki, Rusiya qoşunları şəhərdə Təhlükəsizlik İdarəsinin yerli binasında və digər dövlət obyektlərində “təmizləmə” həyata keçirir.









