Türkiyənin tanınmış iş adamı və media rəhbəri Sadettin Saran barəsində ona məxsus media qrupu vasitəsilə yayımlanan futbol oyunlarında qanunsuz mərc reklamlarının yerləşdirilməsi ilə bağlı hazırlanmış ittiham aktı üzrə məhkəmə qərarı açıqlanıb.
Tribuna.az “Haber Global”a istinadən xəbər verir ki, Sadettin Saran, qardaşı Alan Kenan Saran və daha iki nəfərin mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.
İstanbul 23-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda Sadettin Saran iştirak etməyib, tərəflərin vəkilləri isə məhkəmədə hazır olublar. Saranın məhkəməyə gəlməməsi səbəbindən onun son sözü alınmayıb.
Məhkəmə iclasında çıxış edən Türkiyə Futbol Federasiyasının nümayəndəsi təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edib. Müdafiə tərəfi isə müvəkkillərinin bəraət almasını istəyib.
Məhkəmənin qərarına əsasən, Sadettin Saran və qardaşı Alan Kenan Saran “şəxsləri reklam və digər üsullarla qanunsuz mərc oyunlarında iştirak etməyə təşviq etmək” maddəsi ilə təqsirli biliniblər. Hər iki şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və əlavə olaraq 562 min 500 lirə məbləğində cərimə olunub.
Digər təqsirləndirilən şəxslər, Emre Eren və Azade Zeynep Haksal isə eyni ittiham üzrə bəraət alıblar.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Alan Kenan Saran, Azade Zeynep Haksal, Emre Eren və Sadettin Saran şübhəli şəxs qismində yer alıblar.
Sənəddə qeyd olunub ki, Saran İnternet Televiziya Yayımçılığı A.Ş.-nin nəzdində fəaliyyət göstərən və “S Sport+” loqolu internet yayım platformasında nümayiş etdirilən futbol qarşılaşmaları zamanı virtual reklam texnologiyalarından istifadə olunaraq lisenziyasız və qanunsuz mərc saytlarının reklamları yayımlanıb.
İttiham aktında bildirilir ki, şirkətin idarə heyətinin sədri Sadettin Saran, sədr müavini Alan Kenan Saran, şirkətin baş direktoru və məsul müdiri Azade Zeynep Haksal, eləcə də futbol matçlarının yayım təşkilatına cavabdeh baş direktor Emre Eren ifadələrində ittihamları qəbul etməyiblər.
Onlar məhkəməyə bildiriblər ki, matç yayımları müqavilə bağlanmış təşkilatlar və ya idman klublarından hazır şəkildə alınır və yayımçılar həmin görüntüləri müdaxilə etmədən yayımlamaq öhdəliyi daşıyırlar. Təqsirləndirilən şəxslərin sözlərinə görə, yayımı təmin edən qurumlar reklam məzmunu barədə əvvəlcədən məlumat vermir və qanunsuz mərc reklamlarının texniki baxımdan senzura olunaraq yayımlanması mümkün deyil.
Onlar həmçinin belə reklamların yer aldığı qarşılaşmaları yayımlamağa məcbur qalan çoxsaylı yayım şirkətlərinin olduğunu vurğulayıblar. Şübhəlilər İspaniyanın ən yüksək futbol liqası olan Primera Division ilə də əlaqə saxladıqlarını, lakin yazışmaların nəticəsiz qaldığını və bu barədə ictimaiyyətə məlumat verdiklərini bildiriblər.
İttiham aktında Sadettin Saran və Alan Kenan Saran üçün 1 ildən 3 ilədək, Azade Zeynep Haksal və Emre Eren üçün isə eyni cinayəti təkrar törətmək ittihamı ilə 1 il 3 aydan 5 il 3 ayadək həbs cəzası istənilmişdi.









