MDB liderləri Bakıya toplaşacaq: Putin və Paşinyan da gələcəkmi?

MDB liderləri Bakıya toplaşacaq: Putin və Paşinyan da gələcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında əldə olunan razılaşmaya əsasən, 2027-ci ildə Azərbaycan Özbəkistanla birlikdə MDB-yə sədrlik edəcək. 2028-ci ildə isə Azərbaycan bu təşkilatın toplantısına ev sahibliyi edəcək.

Bu qərar Azərbaycanın regional əməkdaşlıqda artan rolunun və beynəlxalq diplomatik əlaqələrinin inkişafının göstəricisi kimi qiymətləndirilə bilər.


Bu barədə Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvü Xəzər Teyyublu bildirib.

O qeyd edib ki, Özbəkistanla birgə sədrliyin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacağı gözlənilir:

“Diqqətçəkən məqamlardan biri də 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsinin planlaşdırılmasıdır.

Beləliklə, Azərbaycan eyni ildə həm MDB məkanında, həm də Avropa siyasi dialoqu çərçivəsində mühüm platformaya ev sahibliyi edə bilər.

Bu perspektiv Azərbaycanın müxtəlif siyasi və regional platformalar arasında dialoq qurmaq imkanlarını nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Qarşıdakı dövrdə əsas vəzifə diplomatik imkanlardan ölkənin milli maraqlarının qorunması, regional sabitliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi naminə səmərəli istifadə etməkdir.

Azərbaycan üçün 2027–2028-ci illər yalnız beynəlxalq tədbirlərə ev sahibliyi dövrü deyil, həm də ölkənin diplomatik nüfuzunu və beynəlxalq tərəfdaşlıqlarını daha da möhkəmləndirmək üçün mühüm fürsət sayıla bilər”.

Gülşən Rəsul