MB iqtisadi artım proqnozunu kəskin azaltdı – “Hökumət reallığı niyə görmür?”

MB iqtisadi artım proqnozunu kəskin azaltdı – “Hökumət reallığı niyə görmür?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə iqtisadi artımla bağlı proqnozunu əhəmiyyətli dərəcədə aşağı salıb.

Tribuna.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə sosial şəbəkədə paylaşım edib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank bu il Azərbaycanda iqtisadi artımın cəmi 0,5 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 2,4 faiz təşkil edəcəyini gözləyir.

Natiq Cəfərlinin sözlərinə görə, bu göstəricilər Mərkəzi Bankın may ayında açıqladığı proqnozlarla müqayisədə xeyli aşağıdır.

Belə ki, may ayında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz, qeyri-neft-qaz sektorunun isə 3,2 faiz artacağı proqnozlaşdırılırdı.

İqtisadçı hesab edir ki, proqnozların aşağı salınması ölkədə iqtisadi aktivliyin zəiflədiyini göstərir.

“Deməli, gözlənti pisləşib. Mərkəzi Bank da dövlət orqanı olaraq ölkədə iqtisadi aktivliyin azaldığını görür, bilir ki, hökumətin iqtisadi problemlərə yanaşması iqtisadiyyatın çarxlarını yavaşladır”, – deyə Natiq Cəfərli bildirib.

Onun fikrincə, Mərkəzi Bankın mandatına iqtisadi aktivliyin birbaşa artırılması daxil deyil və bu istiqamətdə əsas məsuliyyət hökumətin üzərinə düşür.

“Amma Mərkəzi Bank diplomatik dillə və ÜDM-lə bağlı daha real proqnozlarla narahatlığını ifadə edir. Bəs hökumət nə düşünür, nə etmək istəyir? Reallığı nədən görmür?!” – deyə iqtisadçı sual edib.

Nigar İxtiyarqızı