Şəxsiyyət vəsiqəsində ana adı da yazılsın – TƏKLİF

Şəxsiyyət vəsiqəsində ana adı da yazılsın – TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə bir qrup qadın şəxsiyyət vəsiqələrində anaların da adının yazılması ilə bağlı kampaniya başladıb.

Tribuna.az xəbər verir ki, qadınlar uşaqların şəxsiyyət vəsiqəsində ata və ana arasında fərq qoyulmamasını, vəsiqədə ata ilə yanaşı ananın adının da yazılmasını təklif edirlər.

“Uşağı bətnində 9 ay daşı, əziyyətlə dünyaya gətir, yuxusuz gecələr keçir, böyüt, oxut… Səhər qaça-qaça məktəbə apar, işə get, işin ortasında çıxıb uşağı məktəbdən götür, kursa apar, axşam yorğun halda dərsləri ilə məşğul ol…

Və bütün bunların sonunda uşağın şəxsiyyət vəsiqəsində “ATASININ ADI” yazılsın.

Bəs ANA?

Niyə valideynlər arasında belə bir fərq qoyulur? Xüsusilə də elə analar var ki, ata nə aliment verir, nə də övladının böyüməsində iştirak edir. Uşağı təkbaşına ana böyüdür, bütün məsuliyyəti ana daşıyır, amma sənəddə yenə də atanın adı ön plandadır.

Türkiyədə hər iki valideynin adı göstərilir. Bəs Azərbaycanda niyə ana və ata arasında bu cür fərq yaradılır?

Bu qaydanı kim müəyyən edib və ən əsası niyə? Bu gender bərabərliyinin pozulması deyil?

Əlbəttə ata adı daşımağa layiq olmayanları kənara qoysaq, ümumi ata əməyi də danılmazdır. Burada ataya etiraz yoxdur, sadəcə ana niyə kənarda qalmalıdır?” deyə – təklifdə qeyd edilib.

Gülşən Rəsul