“Təbii ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artırılması sülh gündəliyinin əsas istiqamətlərindən biridir. Çünki BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) tədbirində də cənab Prezidentlə Ermənistanın Baş naziri arasında keçirilən görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi tərəflər tərəfindən müsbət qarşılandı”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov İrəvanın Bakıdan mavi yanacaq almaq niyyəti barədə danışarkən söyləyib.
Son gəlişmələrə toxunan Milli Məclis üzvünün sözlərinə görə, bu o deməkdir ki, hazırda iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı işlər görülür: “O cümlədən, nəzərə alsaq ki, elektrik enerjisinin ixracı ilə bağlı da görüşlər keçirilib və bu istiqamətdə artıq yaxın vaxtlarda əməkdaşlığın qurulacağı gözlənilir”.
Deputat vurğulayıb ki, Ermənistanın əməkdaşlıq etmək istədiyi istiqamətlərdən biri də mavi qaz idxalıdır: “Ermənistanın Baş naziri Zəngəzur dəhlizi və ya TRIPP yolu vasitəsilə mavi qazın nəql edilməsi məsələlərinin mümkünlüyünü xüsusi vurğuladı. Bu da ondan xəbər verir ki, rəsmi İrəvan Azərbaycan qazını almaqda maraqlıdır və daha qısa müddətdə buna nail olmaq istəyir”.
V.Bayramov bir daha xatırladıb ki, hər halda, Azərbaycan sülh gündəliyinə sadiqdir:
“Azərbaycan öz ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb, Ermənistana yanacaq məhsulları ixrac edir. Ona görə də gözləntimiz ondan ibarətdir ki, Ermənistan tərəfi də sülh gündəliyinə sadiqliyini davam etdirərsə, konstitusiyada edilən dəyişikliklər daha qısa zamanda reallaşarsa və sülh müqaviləsi bağlanarsa, biz daha tez zamanda iqtisadi əlaqələrin dərinləşməsini müşahidə edəcəyik. Hətta son müzakirələr göstərir ki, sülh müqaviləsinə qədər də iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə mövzularındandır. Bu baxımdan istisna deyil ki, biz Azərbaycanın mavi yanacağının Ermənistan bazarına daxil olmasını müşahidə edə bilərik”.
Qeyd edək ki, Kremlin Ermənistana satılan mavi yanacağın qiymətinin artırıla biləcəyi barədə təhdidlərə reaksiyasında baş nazir Nikol Paşinyan ölkəsinin Rusiyadan heç də ucuz qaz almadığını deməklə cavab verib və İrəvanın iqtisadiyyatın şaxələndirilməsi çərçivəsində başqa ölkələrə üz tuta biləcəyini istisna etməyib. Bundan sonra isə Rusiya sentyabr ayı ərzində 10 gün müddətində Ermənistana qaz nəql edən kəmərdə təmir işlərinin aparılacağını əsas gətirərək mavi yanacağın Ermənistana idxalını dayandırıb.









