Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı siyasi qüvvələrinin liderləri Böyük Britaniyadan ayrılmaq və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı memorandum imzalayıblar.
Tribuna.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.
Memorandum Kardiff şəhərində keçirilən görüş zamanı Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin Plaid Cymru partiyasının lideri Rhun ap Iorvers və Şimali İrlandiyanın Sinn Féin partiyasının lideri Mişel O’Nil tərəfindən imzalanıb.
Sənəddə tərəflər xalqların öz müqəddəratını təyinetmə hüququnun olduğunu bildiriblər və Britaniya hökumətini mümkün konstitusiya dəyişikliklərinə hazırlaşmağa, onları planlaşdırmağa və prosesə şərait yaratmağa çağırıblar.
“Bizim xalqlarımızın öz müqəddəratını təyinetmə hüququ var. Heç bir Vestminster hökumətinin demokratiyanı əngəlləmək və xalqlarımızın öz gələcəkləri barədə qərar verməsi prinsipini sarsıtmaq hüququ yoxdur”, – sənəddə qeyd olunub.
Tərəflər həmçinin hər bir ölkənin gələcək statusunu öz yolu və öz vaxtında müəyyən edəcəyini vurğulayıblar.
Şotlandiyanın lideri Con Svinni yaxın beş il ərzində müstəqilliklə bağlı yeni referendum keçirilməsinə çağırıb.
Şimali İrlandiyanın lideri Mişel O’Nil isə 2030-cu ilədək sərhədlə bağlı referendumun keçirilməsi üçün tarix müəyyənləşdirilməsinə çağırıb.
Qeyd edək ki, memorandumun imzalanması həmin ərazilərin avtomatik olaraq Böyük Britaniyadan ayrılması prosesinin başladığı anlamına gəlmir. Müstəqillik məsələsi üzrə referendumların keçirilməsi üçün Britaniya hökumətinin mövqeyi və mövcud konstitusion prosedurlar mühüm əhəmiyyət daşıyır.









