Sabahdan Bakıda xaotik bir vəziyyət yaranacaq. Və təəssüflə qeyd etməliyik ki, bununla məşğul olan, bu xaosu aradan qaldıracaq bir qurum yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti isə ümumiyyətlə özünü yoxmuş kimi aparır.
Bu sözləri Tribuna.az-a Ağ Partiya sədri Tural Abbaslı bildirib. O qeyd edib ki, vətəndaşların yollarda çəkdiyi əziyyət və stress heç bir dövlət qurumunu maraqlandırmır:
“Nəinki Bakıda, Azərbaycanın heç bir yerində təmir-bərpa işləri başlayarkən insanların həyat tərzi nəzərə alınmır. İnsan faktoru nəzərə alınmır bu ölkədə. Eyni vaxtda əksər istiqamətlərdə başlayan işlər hansı hesablamalara, yoxlama və araşdırmaya əsasən aparılır?
Təmirin başlama, bitmə, fasilə müddətləri nəzərə alınmalı, pik saatlarda iş dayanmalı, tətillərdə işlər sürətlənməlidir. Yol bağlanmazdan 1-2 gün əvvəl məlumat verilir əhaliyə.
Yollarda iş aparan heç bir qurum bir-biri ilə əlaqəli işləmir. Təmir bitir, digər qurum gəlib həmin yolu qazır.
Yolların tıxacından bezən vətəndaş adətən metroya üz tuturdu.
Metro Bakının ən stabil nəqliyyat vasitəsi hesab olunur.
Yeni rəhbər gələn kimi o da lap “vurdu gözünü çıxartdı”.
Dərslərin başlamasına 1 ay qalmış stansiyalar bağlandı. Müddəti daha az göstərmək üçün 1 il deyə bilmirlər, 11 ay deyirlər. Amma bu işlər 11 aya bitən işə bənzəmir.
Sabahdan Bakıda xaotik bir vəziyyət yaranacaq. Və təəssüflə qeyd etməliyik ki, bununla məşğul olan, bu xaosu aradan qaldıracaq bir qurum yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti ümumiyyətlə özünü yoxmuş kimi aparır.
Bütün bu sadaladığım məsələlərdə Bakı Şəhər İcra Hakimiyyəti hardadır?
Bakının nəqliyyat infrastrukturu, yaranacaq sıxlıq, insanların hər gün saatlarla yollarda qalması, bu problemlərin aradan qaldırılmasında BŞİH-i nə edir və ya nə planlaşdırıb? Yəqin ki, heç nə.
Bu gün insan faktoru Azərbaycanda qətiyyən nəzərə alınmır”.
Partiya sədri bildirib ki, eyni ərəfədə həm metronun işləməməsi, həm də yolların təmirə bağlanması biabırçılıqdır:
“Heç bir dövlət qurumu – Bakı Şəhər İcra Hakimiyyəti, “Bakı Metropoliteni”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərenerji”, “Azəriqaz” özlərini vətəndaş qarşısında hesabatlı bilmirlər.
Bu qurumları, onların rəhbərlərini vətəndaşın rahatlığı düşündürmür. Onları ancaq özləri və kresloları düşündürür.
Bakının iki əsas nəqliyyat xətti – yollar və metro stansiyaların eyni vaxtda təmirə bağlaması absurd yanaşma, biabırçı qərardır”.
Nigar İxtiyarqızı









