Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub

Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin sabiq rəis müavini Elgün Feyzullayevin qızının toy mərasimi sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Tribuna.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toy mərasimində Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyənin tanınmış müğənnisi Demet Akalın və digər məşhurlar iştirak edib.
Daha sonra mətbuatda iddia olunub ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Elgün Feyzullayevin adını qurumun rəsmi saytında toyla bağlı məlumatlar mətbuatda yer aldıqdan sonra silib.
Məlumat üçün bildirək ki, Elgün Feyzullayevin qızı Sitarə Feyzullayeva isə hazırda Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki ofisində ticarət üzrə analitik vəzifəsində çalışır. Bu barədə məlumatı Sitarə Feyzullayeva özünün sosial şəbəkə hesabında paylaşıb. Sitarə Feyzullayeva 2022-ci ildə Avropa Azərbaycan Məktəbini bitirib. 2022-2025-ci illərdə “KU Leuven” və “Middlesex” universitetlərində bakalavr, “Birmingham” Universitetində isə magistr təhsili alıb. Sitarə Feyzullayeva orta məktəbdə oxuduğu dövrdə “A-Group” sığorta şirkətində təcrübəçi olub. Universitetdə oxuduğu illərdən – 2024-cü ildən etibarən isə SOCAR-ın Dubay ofisində çalışıb.
Onu da qeyd edək ki, Elgün Feyzullayev də uzun illər SOCAR-da çalışıb. Bildirilir ki, o, 2018-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini olub. 2020-ci ildən isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini olub.
Elgün Feyzullayev 1979-cu ildə Mingəçevir şəhərində anadan olsa da, əslən Ağcabədi rayonundandır. Elgün Feyzullayevin atası Bəhrəm Feyzullayev uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə işləyib. Babası Feyzi Feyzullayev də SSRİ zamanında yüksək vəzifələrdə işləyib. Feyzi Feyzullayevin oğlanlarından biri Feyzullayev Arzu Feyzi oğlu Dövlət Gömrük Komitəsində, Feyzullayev Musaxan Feyzi oğlu isə Dövlət Vergi Komitəsində işləyib. Musaxan Feyzullayev eyni zamanda 2010-cu il parlament seçkilərində Milli İstiqlal Partiyasının (AMİP) səlahiyyətli nümayəndəsi olub.
Ailənin tanınmış üzvlərindən biri də Elgün Feyzullayevin əmisi oğlu Tural Feyzullayevdir. 1990-cı il təvəllüdlü Tural Feyzullayev 28 yaşında “Tərəqqi” medalı alıb. Daha əvvəl Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsində sektor müdiri vəzifəsində işləyib. Tural Feyzullayev hazırda Mərkəzi Bankda baş direktor vəzifəsində çalışır.