Xaricdə təhsil almaq istəyən abituriyentlərin attestarlarına apostil vurulması məsələsinə aydınlıq gətirilib.
Tribuna.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin yeni dərs ilinə dair keçirdiyi mətbuat konfransında “Unikal”ın əməkdaşının sualını Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin Baş İnformasiya Direktoru Vüsal Xanlarov cavablandırıb:
“Bildiyiniz kimi, bu il verilmiş müvafiq Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, elektron formada hem attestatlar, hem diplomlar verilir. Yay ayları ərzində xaricdə təhsillə bağlı müraciət edənlərin ilk il olduğuna görə və apostillərin ölkədə hələ ki, elektron qaydada verilmədiyini nəzərə alaraq, müvəqqəti olaraq bu sənədlər elektron notarius keçməklə elektron qaydada təsdiqlənir və daha sonra müvafiq təhsil müəssisəsinə təqdim edilir. Növbəti ildən biz müvafiq nazirliklərlə birlikdə apostillərin də elektron qaydada verilməsi üzərində işlər aparacağıq.
Ama bu o deməkdir ki, eyni zamanda bu il verilən elektron təhsil sənədləri də tam rəsmi qüvvəyə malikdir və Azərbaycan Respublikasının dövlət nümunəli sənədidir”.









