Rusiyada boru kəmərlərinin təmiri ilə əlaqədar olaraq, Ermənistana Rusiya təbii qazının tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.
Tribuna.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Armenia” şirkəti məlumat verib.
Şirkətin açıqlamasına görə, Rusiya Federasiyasında Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq, bu kəmər vasitəsilə Ermənistana təbii qaz təchizatı 15-25 sentyabr tarixlərində müvəqqəti olaraq dayandırılacaq.
Bu dövrdə abonentlər qazsız qalmayacaq. Ermənistan əhalisi dövlətin daxili ehtiyatlarından və İran qazı hesabına təmin olunacaq.









