“Sərdar Cəlaloğlu yenə bizim Qubadlını qoyub getməyimizi müzakirə edir”.
Tribuna.az Çinarə Ömrayın təhlil yazısını təqdim edir:
Mən ona siyasətçi kimi yox, altı yaşında Qubadlıdan çıxmış uşaq kimi cavab vermək istəyirəm.
Mən həmin il məktəbə getməliydim. Kürəyimdə çantam vardı. Amma məktəbə yox, qaçqınlığa getdim.
Guya siz bilmirsiniz ki, biz Qubadlını qoyub gəlməmişik? Qubadlı bizim əlimizdən alındı?
İndi gələk Qaçaq Nəbiyə.
Gah Əli Vəliyevin xəyal məhsulu adlandırıldı, gah “inək-qoyun oğrusu” deyildi, indi də Maksim Qorki buna sübut gətirilir.
Onda gəlin Qorkinin öz mətninə baxaq.
Qorkinin “Разбойники на Кавказе” oçerki 1896-cı ildə “Нижегородский листок” qəzetində dərc olunub. Mövcud reproduksiyada mətn №327 kimi göstərilir.
Mətnin ilk cümləsi:
«Гори — старинный грузинский городок в долине Куры…»
Sonra Qorki Gori və Qafqazdakı quldur dəstələrindən yazır. Tate Cioşvili, Sandro Xubuluri, Xaşişvili və başqalarının adlarını çəkir.
Hətta yazır:
«Шайку составляли 5 человек: Хасишвили, Джиошвили, Хубулури, Джамбулат Пилишвили и Падо Санакошвили.»
İndi diqqətlə dinləyin:
“Кара Наби” yoxdur.
“Гачаг Наби” yoxdur.
Ümumiyyətlə “Наби” yoxdur.
Onda sual çox sadədir:
Qorki Qaçaq Nəbini oğru adlandırıbsa, harada yazıb? Hansı səhifədə? Hansı rusca cümlədə? Varsa sənədi göstərin.
Çünki “Qorki belə deyib” tarix deyil. Qorkinin öz mətnində nə yazdığı tarixdir.
Amma məsələ təkcə Qaçaq Nəbi də deyil.
Sizin üçün Qubadlı, Qarabağ hansısa sosial platformada lağlağı mövzusu ola bilər. Bizim üçün isə Qubadlı and yeridir, yaddaşdır, ata-baba məzarıdır, qiblədir.
Siz “Qubadlılılar yaxşı olsaydılar, qaçmazdılar” məntiqi ilə danışa bilməzsiniz.
Mənim babam, nənəm son nəfəsində Qubadlı deyib gözlərini yumdu. Kaş onlar qədər sahib çıxa biləydiniz bu torpağa. Kaş onlar qədər sevə biləydiniz. Kaş onlar qədər yana biləydiniz. Bəlkə onda anlayardınız ki, müharibədən çıxan altı yaşlı uşağa “niyə getdin?” sualı vermək tarix müzakirəsi deyil, yaraya duz basmaqdır.
Siz Qubadlını danışa bilərsiniz. Biz Qubadlını yaşamışıq, yaşayırıq.
Siz onun haqqında bir çıxış edib başqa mövzuya keçə bilərsiniz. Biz isə onun həsrətini 33 ildir daşıyırıq.
Ona görə bizim torpağımıza hökm verməzdən əvvəl sözünüzü yox, sənədinizi görsədin. Çünki tarix “mən belə düşünürəm”lə yazılmır.
Tarix mənbə ilə yazılır. Və bir şeyi heç vaxt unutmayın: Qubadlıdan çıxan altı yaşlı uşağa “niyə getdin?” deyə soruşmaq asandır. Çətin olan o uşağın yerində dayanmaqdır.
Mən o uşaqlardan biriyəm.
Siz Qubadlını bir cümləyə sığışdıra bilərsiniz.
Biz isə onu bir ömrə sığdıra bilmirik.
Torpağı işğal etmək olar.
Amma bir xalqın yaddaşını işğal etmək olmaz.
Çinarə Ömray



