Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr seçkisi ərəfəsində növbəti suallar gündəmə gəlib. Kino ictimaiyyətinin uzun müddətdir gözlədiyi rəhbərlik seçkisi ətrafında yaranan mübahisələr və əvvəlki seçkinin baş tutmaması qurumun fəaliyyətinə dair tənqidləri yenidən aktuallaşdırıb.
Sentyabrın 11-də keçiriləcək plenumda ittifaqın yeni sədrinin müəyyənləşdirilməsi gözlənilir. Lakin əsas sual yalnız kimin sədr seçiləcəyi deyil. Məsələ ondadır ki, illərdir Azərbaycan kinosunun problemlərini həll etməli olan qurum özü daxili idarəçilik və seçki prosesi ilə bağlı müzakirələrin mərkəzindədir.
Hazırda Şəfiqə Məmmədova sədrliyə vahid namizəddir. Vahid namizədlə keçirilən seçkini kino ictimaiyyətində rəqabətli və demokratik seçim kimi qiymətləndirmək olarmı?
Sizcə, AKİ hazırda real olaraq kino ictimaiyyətinin problemlərini həll edən qurumdur, yoxsa daha çox formal xarakter daşıyır?
Əgər sədrliyə yalnız bir namizəd varsa, sizcə, bunun səbəbi digər kino xadimlərinin namizəd olmaq istəməməsidir, yoxsa seçki prosesində alternativlərin ortaya çıxması üçün şərait yoxdur?
AKİ-də “köhnə kino nəsli – yeni kino nəsli” arasında uçurum olduğunu düşünürsünüzmü?
Məsələ ilə bağlı Tribuna.az-ın suallarını cavablandıran ssenarist və kinodramaturq, AKİ-nin İdarə Heyətinin üzvü Eldəniz Quliyev bildirib:
“Son zamanlar AKİ-də qarşıdurmalar, gərginliklər, antaqonizm kimi hallar geniş vüsət alıb. Bu da bilavasitə seçki ilə bağlıdır. Rasim Balayevdən sonra müəyyən vaxt gözlənildi və seçkiyə qərar verildi. İdarə Heyətinin iclasında may ayında seçkiyə getmək məsələsində razılaşdıq.
Ancaq nədənsə bir neçə İdarə Heyəti üzvü, o cümlədən hörmətli Şəfiqə Məmmədova cığallıq etdilər. “Cığallıq” sözünü üzr istəyərək və yumşaq şəkildə deyirəm. Yetərsayın olmaması səbəbindən seçki baş tutmamış hesab olundu.
Əslində, həmin qrup bütün vasitələrdən istifadə edərək – telefonla, yuxarı vəzifəli insanların vasitəsilə – AKİ üzvlərini işdən çıxarmaqla hədələdilər. Təəssüf ki, bəziləri qorxub geri çəkildi. Əslində, birinci seçkidə yetərsay olmalı idi”.
Eldəniz Quliyevin sözlərinə görə, İdarə Heyətinin iclasını bir neçə dəfə boykot etdilər. Hətta İdarə Heyətinin iclası da yetərsaysız keçirildi. “Ayının min oyunu bir armudun başında imiş”. Seçkidə bir nəfərin sədrliyini irəli sürmək və ondan istifadə edərək rahat vəzifələr tutmaq istəyən bir neçə kino xadimi aktiv şəkildə iş gördülər, hazırda da görürlər.
Kinodramaturq əlavə edib ki, onlar teatrın aktyorlarına zəng edərək deyirlər ki, Şəfiqə Məmmədovaya səs verməsəniz, müqaviləniz ləğv olunacaq. Hətta dövlətin adı ilə bilinməyən nömrələrdən zəng edib yalandan qorxudurlar. Bunların hamısı göz qabağındadır.
E. Quliyev qeyd edib ki, demokratik seçki ilk növbədə alternativ namizədlərlə keçirilməlidir. Amma mən tək namizədin doğru olmadığı məsələsini qaldıranda, az qaldılar ki, məni dəli hesab etsinlər. Mən özüm də çaşdım ki, bəlkə, nəyisə düz demirəm. Mənim üstümə düşdülər və “belə şey yoxdur” dedilər.
E. Quliyev vurğulayıb ki, bütün ölkə prezidentin əlindədir. Hər şey onun iradəsindən asılıdır. O özü də seçkiyə gedəndə 5-6 nəfər alternativ namizəd olur.
“Bu gün kinonun gələcək inkişafını, tərəqqisini ləngidən köhnə fikirli kreslo həvəskarları var. Çoxluq kinonun gələcəyini düşünərək Azərbaycan kinosunun inkişafını istəyir. Aralarında bəzi istedadlı kino adamları olan şəxslər isə hər şeyin olduğu kimi qalmasını arzulayırlar”, — deyə kino xadimi bildirib.
Eldəniz Quliyev açıqlamasında deyib ki, tək namizədliyini irəli sürmüş Şəfiqə Məmmədova yeganə namizəd kimi iştirak edib. Biz İdarə Heyətində qərara gəldik ki, seçkiyə qədər bəzi məsələlər var ki, sədrsiz həll olunmur. Həmin məsələlərə görə seçkiyə qədər sədrliyi əvəzləsin.
10-15 günün içində müvəqqəti sədr, görün, nələr etdi. Haradansa 87 nəfər tapıb onları xaric etdi. Heç kim də 87 nəfərin kimlər olduğunu bilmir. Məxfi bir siyahı tərtib ediblər. İdarə Heyətinin protokolu elan olunmadı və yekdilliklə səs verildi. Orada əleyhinə olan da, fikrini bildirməyən də vardı. Əslində, “yekdilliklə səs” məsələsi də yalandır.
İstedadlı gənclərdən bəhs edən kino xadimi bildirib:
“Bununla yanaşı, nə qədər gənclər var ki, onlar Azərbaycan kinosunun gələcəyi sayıla bilər. Onlar alternativ fikir daşıyıcılarıdır. Kreativ düşüncəli gənclər var ki, onlar gildiyalar yaradır, dəyirmi masalar təşkil edir, festivallara gedirlər. Bütün bu məsələləri Şəfiqə Məmmədova 10-15 günün içində saxladı, qadağan etdi. Hətta bəzilərini ləğv etdi.
İndi təsəvvür edin, bu cür idarəçilik, volyuntarizm üsulu ilə AKİ-ni idarə edən adam görün, gələcəkdə nələr edər. Bu, gün kimi aydındır”.
Eldəniz Quliyevin fikrincə, sabahkı seçkidə yəqin ki, çoxları alternativ namizədlərin olmasını tələb edəcək. Çünki bu, bizim hüququmuzdur. Mən şəxsən İdarə Heyətinin üzvü kimi bunu tələb edəcəyəm.
Eləcə də çox istərdik ki, qurultayda tanınmış, obyektiv, qərəzsiz insanlar olsun. Amma bunda da qarşı tərəf hiylə işlədib. Ancaq öz adamlarını ora çıxarmaq istəyirlər. Eyni zamanda, say komissiyası da yaranmalıdır ki, səsvermədə saxtakarlıq halı baş verməsin.
Hər halda, kinonun gələcəyini, tərəqqisini istəyən tərəfin qalib gəlməsini istəyirəm. Yaxud da bunu istəməyənlər öz səhvlərini anlamış olsun.
“Şəxsən mən Şəfiqə xanımın seçilməyini istəmirəm. Amma mən bunu Şəfiqə Məmmədovanı çox istədiyimdən deyirəm. O, hörmətli sənətkarımızdır. Bu, paradoks görünsə də, bilirəm ki, Şəfiqə Məmmədova orada bəzi işbazların, yaradıcı “julik”lərin dəstəsinə çevriləcək. O, ictimai hörmətini də itirə bilər.
Yaş məsələsində mənim heç vaxt iradım olmayıb. Yaşlı adam mənim gözümdə müdrikdir. Onsuz da Şəfiqə Məmmədova 1-ci katib olanda da işə bəzən gəlmir, bəzən də ürəyi istədikdə gəlirdi. Onun işini aparanlar var idi”.
Əli İsa Cabbarov məsələsinə də toxunan kino xadimi sonda yekunlaşdırıb:
“İdarə Heyətində Əli İsa Cabbarovun öz ərizəsi ilə çıxmağı da müzakirə edildi. Mən bunun səbəbini də soruşdum. Adətən, süpürgəçi işdən ayrılanda müdir onu çağırıb səbəbini soruşur. Bu boyda əziyyət çəkmiş adama qarşı heç nə olmamış kimi davranmaq da düzgün deyil.
Rasim Balayevlə biz gənclik dönəmindən dostluq etmişik. R. Balayev də işlədiyi dövrdə işə həftədə bir dəfə gələrdi. Çünki o, canı ilə əlləşirdi. Həmçinin də Şəfiqə Məmmədova…
Amma işlərin katalizatoru, gildiyaları yaradan, insanları festivallara göndərən, ingilis dili kursları açan şəxs Əli İsa Cabbarov idi.
37-ci ilin ab-havasında bir mənzərə yarandı. Onlar bu gün asanlıqla qalib gələ bilməyəcəklər”.
Dəniz Pənahova









