Bu gün dünyanın müxtəlif ölkələrində minlərlə filialı olan Starbucks-ın hekayəsi 1971-ci ildə ABŞ-ın Sietl şəhərində kiçik bir mağazanın açılması ilə başlayıb. Maraqlıdır ki, şirkətin qurucuları əvvəlcə müştərilərə hazır qəhvə satmır, evdə hazırlamaq üçün keyfiyyətli qəhvə dənələri, çay və ədviyyatlar təklif edirdilər.
Tribuna.az xəbər verir ki, Starbucks-ın əsası 1971-ci ilin aprelində üç dost – Cerald Bolduin, Qordon Bouker və Zev Siqel tərəfindən qoyulub. Onlar San-Fransisko Universitetində tanış olmuş, keyfiyyətli qəhvəyə maraqları əsasında öz bizneslərini qurmaq qərarına gəlmişdilər.
Hər üç təsisçi şirkətə 1350 dollar sərmayə yatırmış, əlavə olaraq bankdan 5 min dollar borc götürmüşdü. İlk mağaza Sietlin məşhur Pike Place Market ərazisində fəaliyyətə başlayıb. Həmin vaxt Starbucks-ın cəmi bir əməkdaşı var idi.
Şirkətin adı da maraqlı tarixçəyə malikdir. Təsisçilər Herman Melvilin məşhur “Mobi Dik” romanından ilhamlanıblar. Əvvəlcə romandakı gəminin adı olan “Pequod” variantı nəzərdən keçirilsə də, sonradan gəminin baş köməkçisi Starbakın adı seçilib.
Bir səfər şirkətin taleyini dəyişdi
Starbucks-ın bugünkü qəhvəxana modelinə çevrilməsində Hovard Şults mühüm rol oynayıb. O, 1982-ci ildə şirkətə qoşularaq pərakəndə satış və marketinq istiqamətinə rəhbərlik etməyə başlayıb.
1983-cü ildə İtaliyanın Milan şəhərinə səfəri zamanı Şults yerli espresso barlarından təsirlənib. Onun diqqətini insanların sadəcə qəhvə içmək üçün deyil, söhbət etmək, görüşmək və vaxt keçirmək üçün də bu məkanlara gəlməsi çəkib.
Şults eyni atmosferi ABŞ-da yaratmaq ideyasını irəli sürüb. Lakin Starbucks-ın təsisçiləri əvvəlki biznes modelini dəyişməkdə maraqlı deyildilər. Nəticədə o, şirkətdən ayrılaraq 1985-ci ildə özünün “Il Giornale” adlı qəhvəxana biznesini yaradıb.
1987-ci ildə isə investorların dəstəyi ilə Starbucks-ın aktivlərini satın alıb və öz şirkətini onun adı altında birləşdirib. Həmin vaxt Starbucks-ın cəmi 17 mağazası var idi.
Kiçik mağazadan dünya bazarına
Yeni rəhbərlik altında Starbucks sürətlə genişlənməyə başlayıb. Əvvəlcə ABŞ-ın digər şəhərlərində, daha sonra beynəlxalq bazarlarda mağazalar açılıb.
1992-ci ildə şirkət birjaya çıxaraq səhmlərini ictimai satışa təqdim edib. Bu addım onun genişlənməsi üçün əlavə maliyyə imkanları yaradıb.
1996-cı ildə Starbucks Yaponiyada ilk mağazasını açaraq Şimali Amerika hüdudlarından kənara çıxıb. 1998-ci ildə Avropa, 1999-cu ildə isə Çin bazarına daxil olub.
Şirkətin böyüməsində yalnız qəhvənin keyfiyyəti deyil, müştərilərə təqdim etdiyi fərqli xidmət modeli də rol oynayıb. Starbucks özünü sadəcə içki satılan yer kimi deyil, insanların ev və iş arasında vaxt keçirə biləcəyi məkan kimi təqdim etməyə çalışıb.
Bu gün milyardlarla dollarlıq biznes
Starbucks-ın 2026-cı ilin yanvarında açıqladığı şirkət məlumatına əsasən, brendin dünya üzrə 78 bazarda 29 mindən çox mağazası var. Şirkət hər gün milyonlarla müştəriyə xidmət göstərir.
Beləliklə, 1971-ci ildə üç dostun kiçik mağaza yaratmaq üçün topladığı vəsaitlə başlayan biznes dünya qəhvə sənayesinin tanınmış markalarından birinə çevrilib.
Starbucks-ın tarixçəsi göstərir ki, bəzən böyük biznes ideyası yeni məhsul yaratmaqdan deyil, mövcud məhsulu insanlara fərqli təcrübə şəklində təqdim etməkdən başlayır.
İmran Kərimli









