Kamal Abdulla haqlıdırmı? — qadının rolu ilə bağlı qalmaqallı baxış

Kamal Abdulla haqlıdırmı? — qadının rolu ilə bağlı qalmaqallı baxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamal Abdullanın son müsahibəsindən sonra sosial şəbəkələrdə yaranan müzakirələr bir daha göstərdi ki, biz artıq fikirləri dinləməkdən çox, onları linç etməyə öyrəşmişik. Bir cümlə kifayət edir ki, bir insanı “geridəqalmış”, “qadın düşməni”, “köhnə düşüncəli” elan etsinlər. Halbuki Kamal Abdullanın dediklərinə emosiyayla yox, düşünərək baxsaq, orada ailəyə, milli dəyərlərə və cəmiyyətin sütununa çevrilən qadına verilən böyük dəyəri görərik.
Bir kişi kimi mən də Kamal Abdulla ilə razıyam.
Çünki qadının ailədəki rolu heç vaxt kiçik rol olmayıb. Əksinə, bəlkə də dünyanın ən ağır, ən məsuliyyətli və ən müqəddəs vəzifəsi məhz qadının çiyinlərinə düşüb. Bir insan yetişdirmək sadəcə uşağa yemək vermək deyil. Bir xalqın gələcəyini formalaşdırmaqdır. Ana təkcə övlad böyütmür; xarakter böyüdür, vicdan yetişdirir, mənəviyyat formalaşdırır.
Bu gün cəmiyyətin dağılmasından, ailə institutunun zəifləməsindən, uşaqların sevgisiz və diqqətsiz böyüməsindən danışırıqsa, bunun əsas səbəblərindən biri də ailə anlayışının dəyərdən salınmasıdır. Qadına illərlə “evdar olmaq zəiflikdir”, “ailəyə üstünlük vermək gerilikdir” düşüncəsi yeridildi. Halbuki tarix boyu bizim qadın obrazımız fərqli olub.
Biz qədim xalqıq. Bizim min illərin içindən süzülüb gələn mənəvi dəyərlərimiz var. Bu torpaqlarda kişi ailənin dayağı sayılıbsa, qadın da o ocağın nuru hesab olunub. Qadın ailəni qoruyan tərəf olub. Ocağı söndürməyən, uşağın ruhunu formalaşdıran, ailəni bir yerdə saxlayan məhz qadın olub. Bundan böyük missiya varmı?
Bu gün bəzi feminist çevrələr “ev qadını” ifadəsini sanki təhqirə çeviriblər. Elə bil qadının ana olması, övladına vaxt ayırması, ailəsini ön planda tutması onun dəyərini azaldır. Halbuki dünyanın ən güclü dövlətləri belə sağlam ailə modeli olmadan ayaqda qala bilməz. Çünki cəmiyyət əvvəlcə ailədən başlayır.
Kamal Abdulla da məhz bunu deyirdi. O demirdi ki, qadın oxumasın, işləməsin, cəmiyyətdə yer almasın. Əksinə, özü də qeyd etdi ki, xüsusi istedadı, bacarığı varsa, dövlətə, xalqa töhfə verəcəksə buyursun. Burada qadının qarşısını almaq yox, prioritet məsələsindən danışılır. Çünki hər bir cəmiyyətin öz mənəvi sistemi, öz dəyər modeli var.
Tariximizə baxaq. Bizim qadınlarımız həm ailənin dayağı olub, həm də lazım gələndə dövlət idarə edib. Sara Xatun təkcə diplomat deyildi; o həm də müdrik Azərbaycan qadınının simvolu idi. Amma heç vaxt öz qadınlığını, ana kimliyini inkar etmirdi. Bizim tariximizdə qadın güclü olub, amma bu gücü kişiləşməkdə yox, öz mahiyyətini qorumaqda görüb.
Bu gün isə qərbdən gələn bəzi radikal düşüncələr qadını qadın olmaqdan uzaqlaşdırmağa çalışır. “Azadlıq” adı altında qadının ailədən, analıqdan, mənəvi məsuliyyətdən soyudulması təqdim edilir. Halbuki ana olmaq əsarət deyil. Əksinə, yaradılışın verdiyi ən böyük üstünlüklərdən biridir.
Məncə problem ondadır ki, biz artıq “ailə” sözünü kifayət qədər müqəddəs qəbul etmirik. Karyera uğrunda hər şeyi ikinci plana atmağı müasirlik hesab edirik. Halbuki bir uşağın şəxsiyyət kimi formalaşmasında ananın verdiyi sevgi və diqqəti heç bir sistem əvəz edə bilməz.
Kamal Abdullanın fikirlərinə görə onu linç edənlər bir şeyi unudurlar: hər fikir eyni düşünülmək məcburiyyətində deyil. Amma ailəni, milli kimliyi və qadının müqəddəs yerini müdafiə edən insanı dərhal “qadın düşməni” elan etmək də düzgün deyil.
Çünki bəzi həqiqətlər var ki, zaman dəyişsə də dəyişmir. Ailə cəmiyyətin təməlidir. O təməlin mərkəzində isə hər zaman qadın dayanır.

Tural İnrahimov