Soyuqdəymə və qrip mövsümü yaxınlaşdıqca immunitet sisteminin gücləndirilməsi xüsusilə aktuallaşır.
Tribuna.az xəbər verir ki, immunoloq Leonardo Mendonça immun sisteminin fəaliyyətini dəstəkləməyin elmi cəhətdən sübut olunmuş dörd yolunu açıqlayıb.
Mütəxəssis bu tövsiyələri “Terra” ilə bölüşüb.
Həkimin ilk məsləhəti qida rasionuna daha çox lif əlavə etmək və menyunu mümkün qədər şaxələndirməkdir. Onun sözlərinə görə, balanslı və müxtəlif qidalanma tez nəticə vəd edən müxtəlif qida əlavələrindən daha faydalıdır.
İkinci vacib amil keyfiyyətli yuxudur. Mendonça bildirib ki, xroniki yuxu çatışmazlığı immun sisteminə mənfi təsir göstərən iltihab markerlərinin səviyyəsini artıra bilər.
İmmunoloq kifayət qədər su qəbul etməyin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, orqanizmin susuz qalması sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətini azalda və immun hüceyrələrinin fəaliyyətinə əlavə yük yarada bilər.
Mendonça xüsusilə burun, ağız və boğazın selikli qişalarının əhəmiyyətini qeyd edib. O bildirib ki, bu qişalar quruduqda tənəffüs viruslarına qarşı ilk fiziki müdafiə baryeri kimi fəaliyyətləri zəifləyə bilər.
İmmunoloqun dördüncü tövsiyəsi isə müntəzəm fiziki fəaliyyətdir. O, gündəlik həyatda hərəkətli olmağın immun sisteminin normal fəaliyyətini dəstəkləyən əsas amillərdən biri olduğunu bildirib.









