Bu şəxslər 1500-2000 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Bu şəxslər 1500-2000 manat CƏRİMƏLƏNƏCƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mağazalarda rast gəlinən hallardan biri də məhsulun vitrindəki qiyməti ilə kaasadakı qiymətinin fərqli olmasıdır. Bəzi hallarda vitrində ucuz qiymətə təklif olunan məhsulun qiyməti kassada nisbətən baha göstərilir.

Bəs mağazalarda müşahidə olunan bu hal istehlakçının hüquqlarının pozulması sayılırmı? İstehlakçı hüququ pozulan müştəri nə etməlidir?

Tribuna.az xəbər verir ki, Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a danışarkən bildirib ki, rəflərdə malların qiymətinin adəti üzrə aşağı olması, kassada isə yuxarı göstərilməsi ən çox geniş yayılmış istehlakçı hüququnun pozulması halıdır:

“Mağazalar bu fərqi adətən “qiymətlərin sistemdə yenilənməməsi”, “kampaniyanın bitməsi” və ya “işçilərin çatışmaması və çatdıra bilməməsi” ilə əsaslandırırlar. Lakin bu, birbaşa olaraq istehlakçını aldatmaqdır. Kassada daha baha qiymət çıxdıqda, alıcı rəfdəki qiyməti əsas gətirərək malı həmin ucuz qiymətə tələb etməlidir. Qanunvericiliyə görə, alıcı məhsulu rəfdə (vitrində) hansı qiymətə görübsə, kassada da məhz həmin qiymətə ödəməlidir. Mağaza bundan imtina edərsə, rəfdəki qiymətin fotosunu çəkmək və adiyyatı dövlət qurumlarına (məsələn, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) şikayət etmək lazımdır”.

E. Hüseynov istehlakçı hüququ pozulan vətəndaşlara müraciət edərək bildirib ki, mütləq şəkildə vitrindəki qiymətin və kassa çekinin fotosunu çəksinlər:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, satıcı alıcını maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə ona düzgün məlumat verməlidir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə əsasən satışda olan malın üzərində onun adı, növü və qiyməti göstərilməli, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati məsuliyyət tədbiri nəzərdə tutulub.

Belə ki, Məcəllənin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-6000 manat inzibati qaydada cərimə edilir. Az miqdarda aldadılma dedikdə 300 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 300 manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır”, – deyə müsahibimiz vurğulayıb.

AİB sədri son olaraq xatırladıb ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda, bu halı təsdiq edən faktlar və pozuntuya yol vermiş ticarət obyekti barədə dəqiq məlumatları təqdim etməklə Dövlət Xidmətinin rəsmi internet səhifəsinə, elektron poçt – [email protected] və “195-1” Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Gülşən Şərif