Ölkədə ən ciddi problem gənclərin evsiz olmasıdır. Türkiyə prezident Ərdoğan vəd verib ki, əgər yenidən seçilsə, gənclərə faizsiz ev krediti verilməsi üçün sosial paket reallaşdıracaq. Buna Azərbaycanda da ehtiyac var. Mövzu barədə Tribuna.az-a danışan Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu ölkəmizdə də belə bir sosial proqrama zərurət olduğunu düşünür. Onun sözlərinə görə, dövlət belə bir sosial paketlə ciddi addım atmış ola bilər: “Milli Məclis bu layihəni irəli sürməlidir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Gənclər Fondu, MİDA birgə bu proqramı hazırlamalıdırlar. Sonra konsepsiya prezidentə təqdim olunmalıdır. Eyni zamanda, tikinti şirkətləri və banklar qarşısında bu öhdəlik qoyula bilər ki, mənzillər faizsiz kreditlə, ən azı 4-6 faizlə satılsın. Hesab edirəm ki, bu proqram həyata keçərsə, ölkədə minlərlə gənc mənzil sahibi ola bilər. Bu gün əksər gənclər evsizlikdən ailə qura bilmir, bir çoxu kirayələrdə yaşayır, yerdə qalanı isə 20 illik kreditlə mənzil götürmək məcburiyyətində qalır. Bu da çox baha qiymətə başa gəlir. Həmin gənc ailə isə 20 il krediti ödəyib başa çatdıranda artıq gəncliyi çoxdan geridə qoymuş olur. Fikrimcə, Türkiyə prezidentinin irəli sürdüyü bu ideya, verdiyi vəd bizdə də ola bilər. Azərbaycan hökuməti nə qədər sosialyönümlü layihələr icra etsə, bir o dərəcədə vətəndaşların problemləri tez həllini tapar”.
Tribuna.az









