Belə bir dövrdə, bu əsrdə insanların geyimini müzakirə etmək, geyimlərlə bağlı qadağalar qoymaq mənasız mübahisədir. İnsanların aşırı əxlaqsızlıq mahiyyət daşımayan geyimlərinə qarşı çıxmaq düzgün deyil. Kiminsə şortik geyinməsi heç ksi narahat etməməlidir.
Bu sözləri Tribuna.az-a millət vəkili Fazil Mustafa bölgələrdəki istirahət mərkəzlərində, İçərişəhərdə şortik geyinənlərə qarşı narazılıqlarla bağlı danışrkən deyib. Deputat bildirib ki, heç kəs başqasının geyiminə qarışmamalıdır:
“Cəmiyyətin mənəvi mühitinə müəyyən təsir göstərə biləcək, əxlaqsızlığı ehtiva edəcək geyim varsa, bu barədə bir söz söyləmək olar. Ancaq şortik geyinmək niyə kimisə narahat etməlidir ki?
Kimsə bu geyimi geyinib, kimsə də qapanıbsa, biz niyə buna qarışmalıyıq? Mən bu müzakirələri mənasız hesab edirəm. Onda sabah gərək biz qapalı şəhər elan edək və gələn turistə də fərqli geyimi geyinməsini tələb edək. Belə bir şey mümkün deyil.
Bu yanlış yanaşmadır. İnsanların geyim azadlığına qarışmaq, doğru deyil. Bir insan çılpaq gəzirsə, sən buna bir söz deyə bilərsən. Ancaq istirahətə yollanan biri rahatlıq üçün yüngül bir geyim geyinirsə, şortik geyinirsə, biz buna niyə qarışmalıyıq ki?”.
Nigar İxtiyarqızı









