“Dünyagöz” xəstəxanasının baş həkimi Kənan Yıldırım barəsində cinayət işi açılması yenidən bu tibb müəssisəsinin fəaliyyətini gündəmə gətirib.
Tribuna.az xəbər verir ki, cinayət işi 2024-cü ildə həyata keçirilən katarakt əməliyyatından sonra pasiyentin görmə qabiliyyətini itirməsi iddiası ilə bağlı başlanıb. İddialara əsasən, əməliyyatdan sonra xəstənin bir gözü tamamilə görmə funksiyasını itirib və məsələ hüquq-mühafizə orqanlarının araşdırmasına çıxarılıb.
Lakin bu, “Dünyagöz” klinikası və onun rəhbər heyəti ilə bağlı ilk narazılıq deyil.
Hələ 2020-ci ildə Əli Bağırzadə adlı vətəndaş sözügedən klinikaya baş çəkmiş və gözündəki problemi bildirməsinə baxmayaraq ondan məcburi qəbul (35 manat) və həkim müayinəsinəsi üçün də əlavə (45 manat) pul almışdılar.
Bu ilin əvvəlində də Bakı sakini O.Hacıyev mediaya müraciət edərək bildirib ki, Kənan Yıldırım tərəfindən həyata keçirilən katarakt əməliyyatından sonra sol gözünün görmə qabiliyyətini tam itirib. Pasiyentin iddiasına görə, əməliyyatdan əvvəl onda mövcud olan bəzi göz xəstəlikləri düzgün qiymətləndirilməyib və nəticədə ağır fəsadlar yaranıb.
Bundan başqa, 2025-ci ilin sonunda başqa bir pasiyent – Nərgiz Fərzəliyeva da klinika ilə bağlı narazılığını ictimailəşdirmişdi. O, gözündə yaranmış problemin əməliyyatdan sonra aradan qalxmadığını, əksinə əvvəlki vəziyyətə qayıtdığını bildirmişdi. Şikayətçinin ailəsi həmçinin təkrar müayinə üçün əlavə ödəniş tələb olunduğunu iddia etmişdi.
Qeyd edək ki, bütün bu hallar pasiyentlərin iddialarıdır və müxtəlif vaxtlarda mediada yer alıb. Klinikadan bəzi hallarla bağlı verilən açıqlamalarda səsləndirilən ittihamlar qəbul edilməyib və tibbi müdaxilələrin müvafiq standartlara uyğun həyata keçirildiyi bildirilib.
Hazırda isə Kənan Yıldırım barəsində açılmış cinayət işi üzrə araşdırma davam edir. İstintaqın nəticəsi bu işdə hüquqi qiymətin necə olacağını müəyyən edəcək.
Tribuna.az mövzunu diqqətdə saxlayacaq və araşdırmanın nəticələri barədə oxuculara əlavə məlumat təqdim edəcək.
Gülşən Rəsul









