İslam Səfərli küçəsini şəhər sakinləri üçün təntənəli şəkildə açdılar, amma çox keçmədən piyada hissəsinə yenidən ağır texnika daxil oldu və işlər davam etdirilməyə başladı.
Yenə də ictimaiyyətə və rəhbərliyə “hazır layihə” təqdim olunur, halbuki işlər əslində tam başa çatmayıb.
Tribuna.az xəbər verir ki, bu sözləri tanınmış memar Elçin Əliyev yeni təmirdən çıxan İslam Səfərli küçəsində təkrar aparılan işlər barədə deyib. Memar bildirib ki, piyadalar üçün nəzərdə tutulmuş yola ağır texnika salınıb:
“Yenə də eyni sual yaranır: cəmi 1,5 sm qalınlığında olan yeni örtük ağır texnikanın yükünə nə qədər davam gətirəcək?
Nəticə əvvəlcədən bəllidir — çatlamış plitələr, küçənin yenidən bağlanması, büdcə vəsaiti hesabına növbəti qranit dəyişiklikləri və eyni yerlərin sonsuz təmiri.
Şəhər sakinləri bu mənzərə ilə ilk dəfə qarşılaşmırlar: əvvəlcə tələsik “təhvil verilən” layihə, sonra yarımçıq qalan işlər, yeni örtüyün sıradan çıxması və ardınca yeni tenderlər.
Şəhər sakinlərinin haqlı olaraq verdiyi sual budur: əgər işlər tam bitməyibsə, küçə niyə rəsmi şəkildə istifadəyə verilir? Və yeni salınmış piyada zonasına ağır texnikanın vurduğu zərərə görə kim məsuliyyət daşıyır?”.
Gülşən Rəsul











