Əli Cəfərov: “Ailələrimiz nə qədər güclü olsa, dövlətimiz də bir o qədər möhkəm olar”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında reallaşdırdığı “Evimiz-Dəyərlərimiz” layihəsini bu gün Bakı şəhəri Ə. Əliyev adına 204 saylı tam orta məktəbdə davam etdirdi. Şagirdlər qeydiyyatdan keçdikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları dəqiqəlik sükutla anıldı. Layıhənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərov layihə və onun icrasının gedişiatı haqqında məlumat verərək bildirdi ki, “Evimiz-Dəyərlərimiz” Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılır. Bu gün isə şagirdlər arasında həmin layihə çərçivəsində “Mənim ailəm” adlı inşa müsabiqəsi keçiriləcək. Layihə rəhbəri onu da xüsusi vurğuladı ki, inşa müsabiqəsinin qalibləri olaraq I, II və III yeri tutan şagirdlər İctimai Birlik tərəfindən mükafatlandırılacaqlar.
Əli Cəfərov müsabiqə başlamamış 204 saylı məktəbdə keçirilən ilk təlimdə qaldırılan problemlərə də toxunaraq qeyd etdi kı, “ailə dedikdə əsasən ata, ana, bacı, qardaş,nənə, baba nəzərdə tutulur. Azərbaycanlı ailəsi həmişə cəmiyyətin sosial sütünü və mənəvi birliyi hesab olunub. Azərbaycan ailəsi həm də dövlətimizin əsası, bazasıdır.
Unutmamalıyıq ki, ailə məzmun və formasına görə özlüyündə dövlətin kiçik modeli hesab olunur.
Ailələrimiz nə qədər güclü olarsa dövlətimiz də bir o qədər möhkəm olar. Əziz uşaqlar, həmişəlik yadda saxlayın ki, biz ilk sevgini, qaygını, özgüvəni ailələlərimizdən alır və bu dəyərləri gələcək nəsillərə ötürürük. Ailə bizim bir şəxsiyyət kimi formalaşmağımıza da təsir edir. Bu günki inşa müsabiqəsi sizdə ailə dəyərlərimizə baglılığı gücləndirəcək. Həmçinin daxilinizdə gizlənmiş yaradıcılıq qabiliyyətinizin üzə çıxmasında vəsilə olacaqdır”.
Ə.Cəfərov həmçinin müasir dünyamızda gedən proseslərin ailə dəyərlərinə təsirsiz
ötüşməməsi probleminə toxundu: “Çağdaş dünyamızda gedən proseslər – qloballaşma, texnologiyanın inkişafı, xalqların, dövlətlərin qarşılıqlı inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin üstün cəhətləri ilə yanaşı, zərbələri də Azərbaycan ailəsindən yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli -mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına gətirib çıxarır. Bütün bunlara baxmayaraq milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub”.
Sonra çıxış edən təlimçi, politoloq Taleh Əliyev də layihənin mahiyyəti haqqında məlumat verərək bildirdi ki, ailə, ailəlilik hər bir insanın zənginliyidir. Əbəs yerə deyilmir kı, ailəni qurmaq deyil, onu qorumaq əsasdır. Hər bir insan özlüyündə fikirləşməli, özü özünə sual verməlidir ki, ailə nədir? Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük, dürüstlük əsasında qurulan isti bir yuvadır. Necə gəldi qurulan ailələrin sonu heç də yaxşı nəticələnmir. Cəmiyyətimizdə əsasən ənənəvi ailə modelinə üstünlük verilir. Bunun üçün keçmişdə qurulan ailələrdən çoxlu misallar göstərə bilərik. Orta və yaşlı nəslin nümayəndələri olan ata-analarımızın həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, ailəyə dəyər verdiyini, adi problemləri böyütmədiklərini yaxşı xatırlayırıq”.
Təlimçi daha sonra şagirdlərə bu günki inşa müsabiqəsinin mahiyyəti və ailə dəyərlərimizlə baglı məlumat verdikdən sonra şagirdlərə inşa yazmaq üçün A4 vərəqləri və qələmlər paylandı. Şagirdlər adıçəkilən mövzuda inşaları yazıb layihə rəhbərinə və təlimçiyə təqdim etdilər.
Təlimdə foto və video çəkliş aparıldı.












