1 iyun tarixindən etibarən yeni elektron sistemin işə düşməsilə sığortasız evlər avtomatik cərimələnəcək.
Tribuna.az yazır ki, hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, yalnız üçüncü şəxslər (üçüncü tərəf) qarşısındakı məsuliyyətin sığortası icbari ola bilər. Şəxsin öz daşnmaz və daşınan əmlakını sığorta edib- etməməsi onun şəxsi işi olmalıdır:
“Bizdə isə bunu da icbari ediblər. Əlbəttə başqa ölkələrin də adını tapıb deyə bilərlər ki, filan ölkədə də belədir. Bütün hallarda bu konstitusiyada əks olunmuş mülkiyyət hüququnun pozulmasıdır. Burda maraqlı tərəf sığorta şirkətləridir. Qiyməti bir milyon olan daşınmaz əmlakın (yaşayış evinin) sığortası ilə uçuq daxmanın sığorta qiyməti eynidir və sığorta hadisəsi zamanı ödəniş də eynidir. Bu sadəcə absurddur və yalnız pul qazanmaq üçündür. Bəziləri deyir ki, əmlak sığorta olunmayanda dövlət məcbur olur sığortaçı qismində çıxış etməyə. Onsuz da gələcəkdə də belə olacaq. Niyə? Əvvəla böyük dağıtılar zamanı onsuz da sığorta şirkəti bütün xərcləri qarşılaya bilməyəcək. Hətta dünyanın ən güclü sığorta şirkətləri zəlzələ, sunami və s. böyük təbii fəlakətlər nəticəsində baş vermiş dağıtıların əvəzini ödəyə bilmir. İkincisi Azərbaycanda az qala əmlakın 50%-i dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmayıb. Xüsusən rayonlarda yaşayış və kiçik qeyri-yaşayış sahələri var ki, rəsmən dövlət reyestrində əmlak kimi qeydə alınmayıb. Belə əmlakla bağlı hadisə baş verəndə kim ödəniş edəcək?”.
S.Məmmədov bildirib ki, sığorata şirkətləri yenə də kütləvi surətdə evlərə gəlib hədələyici elanlar yayırlar və iyunun 1-də İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin tətbiq olunacağını bildirirlər. Bu o deməkdir ki, əgər fiziki şəxs evini icbari sığorta etdirməsə hər 20 gündən bir cərimə olunacaqlar. Bu bir ilə təxminən 550 manat edir. Nə baş verəcək? Yüzminlərlə insan ya pul olmadığına görə, ya məlumatsızlığa görə, ya hər hansı səbəbdə sığorta etdirməyəcək evini. İllərlə belə davam etdikdə yüz milyonlarla cərimə toplanacaq. Axırda məcbur olub cərimələri ləğv edəcəklər. Çünki kütləvi surətdə əmlak üzərində hüquqların həyata keçirilə bilməməsi ciddi sosial problemə çevriləcək”.










