Məleykə Abbaszadənin bu təyinatı qüruru mənbəyimiz olan Bakı Dövlət Universitetinə düşərli olacaq.
Tribuna.az xəbər verir ki, bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev Məleykə Abbaszadənin yeni təyinatı barədə danışarkən deyib.
E.Əliyev bu təyinata sevinənlərdəndir:
“Məleykə xanım Abbaszadəni Bakı Dövlət Universitetinin rektoru təyin olunması münasibətilə təbrik edirəm. Məleykə xanım elmi və təhsili yüksək səviyyədə bilən, dürüstlüyü və rasional təşkilatçılığı ilə seçilən şəxsiyyətdir. Düşünürəm ki, bu təyinat qürur mənbəyimiz olan ən yaşlı Universitetimiz üçün düşərli olacaqdır”.
Ancaq Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzindən getməsinə məyus olanlar da var. Jurnalist Natiq Muxtarlının fikrincə bu dəyişikliklə universitetlərə qəbul çətinləşəcək:
“Məleykə xanımı çox arzulayacaqsınız. Övladlarınızın ali məktəblərə daxil olması çox, çox çətinləşəcək bundan sonra. Bu ölkədə gələnin gedəndən yaxşı olduğu heç vaxt olmayıb, heç bir sahədə. Vaxt var idi arzulayırdıq ki, Rövnəq Abdullayevlə Elxan Məmmədov getsə, futbolumuzda çiçək açılacaq. Onların yerinə gələnlərə – Rövşən Nəcəflə Cahangir Fərəcullayevə baxanda adam elə arzuya görə özünə nifrət edir. Məleykə xanımı çox arzulayacaqsınız”.
Nigar İxtiyarqızı










