Yaxın günlərdə sürücülərin etdiyi bəzi qayda pozuntularına görə inzibati cərimələrin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Artıq Milli Məclis də bununla bağlı qanun layihəsini 1-ci oxunuşda müzakirə etdi.
Mövzunu Tribuna.az-a şərh edən yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu dəyişikliklər avqust-sentyabr aylarında qüvvəyə minəcək.
Ekspert qeyd edib ki, yollarda təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırmaq üçün cərimələri qaldırmaqdansa, “Yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramını icra etmək lazımdır:
“Xüsusən də bu Proqramın tədbirlər planının 7.4.4.1-ci yarımbəndini həyata keçirmək lazımdır. Həmin yarımbənd belədir: Mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını, ixtisasının artırılmasını, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsini və onlara sürücülük vəsiqəsi verilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsi. Bunsuz təhlükəsizliyi artırmaq mümkün deyil.
Buna paralel olaraq görüləsi işlər çoxdur. Kompleks tədbirlər görülməlidir ki, arzulanan nəticələrə nail olaq”.










