“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi

“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, Roza Zərgərli təhqirlərinə görə yalnız 1000 manat təzminat verməli olacaq. Bu qərar mənim üçün ikinci təhqir kimi oldu. Yəni biz sənətkarların sənətinə… Filmdə deyildiyi kimi: “Heç oğlum Yədullanın müsibəti belə olmamışdı”. Hesab edirəm ki, bu qərarı verən hakimlər işi tam dərinliyinə qədər araşdırmayıb”.

Tribuna.az xəbər verir ki, Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib.

Əməkdar artist qərardan narazı qaldığını və artıq Appelyasiya Məhkəməsinə müraciət etdiyini bildirib:

“Hesab edirəm ki, təkcə mən deyil, həm də daşıdığım fəxri adlar təhqir olunub. Eyni zamanda Roza Zərgərlinin mənim barəmdə dediyi sözlər valideynlərimə, ailəmə, müəllimlərimə qədər gedib çıxır. Mən bilirəm nə edirəm, nə danışıram. Bu günə qədər aldığım təhsil, sənətim, fəxri adım bunu sübut edir.

Düşünürəm ki, Appelyasiya Məhkəməsində hakimlərimiz ədalətli qərar verəcəklər. Elə bir qərar olmalıdır ki, hansısa blogerlər və ya ifaçılar sənətkarları təhqir etməkdən çəkinsinlər.

Burada təzminat mənim üçün ikinci dərəcəlidir. Mənim üçün əsas olan qarşı tərəfin dediyi təhqirlərə görə üzr istəməsidir. Qanun nə deyirsə, onu tələb edirəm”.

Xatırladaq ki, Roza Zərgərli “Baylarsoylar” podcast verilişində Elza Seyidcahanı “təlxək” və “meymun” adlandırıb. Bundan sonra Elza Seyidcahan şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun müdafiəsi məqsədilə Roza Zərgərlini məhkəməyə verib.