Bu gün Azərbaycan teatrının yaranmasından 153 il ötür. Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib.
Tribuna.az xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.
Tamaşanın ərsəyə gəlməsində görkəmli maarifçi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Onların təşəbbüsü ilə səhnəyə qoyulan bu ilk tamaşa milli teatr tarixində yeni mərhələnin başlanğıcını qoyub və sonrakı illərdə teatr sənətinin inkişafına güclü təkan verib.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə sima yetişib.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan teatrı sürətlə inkişaf etməyə başlayıb. Bu dövrdə milli dramaturgiyanın inkişafında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyli kimi görkəmli sənətkarların yaradıcılığı mühüm rol oynayıb.
Azərbaycan teatr sənəti sovet dövründə də inkişafını davam etdirib, yeni teatr kollektivləri yaradılıb, klassik və müasir dramaturgiyanın nümunələri səhnələşdirilib. Müstəqillik illərində isə milli teatrın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu sahədə mühüm qərarlardan biri Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən etibarən 10 mart tarixinin rəsmi olaraq Milli Teatr Günü kimi qeyd edilməsidir.
Teatrın inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Bu gün Azərbaycanda fəaliyyət göstərən teatrlar – o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və digər səhnə ocaqları milli dramaturgiyanın təbliği, klassik irsin qorunması və yeni yaradıcılıq axtarışlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Teatr yalnız səhnə sənəti deyil, həm də cəmiyyətin mənəvi və mədəni inkişafının göstəricilərindən biridir. Bu baxımdan Azərbaycan teatrı uzun illər ərzində xalqın milli kimliyinin, estetik düşüncəsinin və ictimai fikrinin formalaşmasında mühüm rol oynayıb.
Milli Teatr Günü münasibətilə ölkənin müxtəlif teatrlarında tamaşalar nümayiş etdirilir, yaradıcı kollektivlər və sənət adamları təbrik olunur. Bu gün həm də teatrın keçdiyi zəngin yolun xatırlandığı və gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu əlamətdar tarix kimi qeyd edilir.
Sənan Məmmədli









