Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması gündəmə gətirilib. Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, sosial mediada yayılan mənfi məzmun Azərbaycan cəmiyyətinə xas olmayan davranış və düşüncə tərzinin formalaşmasına səbəb olur, milli-mənəvi dəyərlərə zərbə vurur.
Tribuna.az xəbər verir ki, deputatın sözlərinə görə, bu cür məzmun ölkənin mədəni kodları üçün ciddi təhlükə yaradır.
Kamal Cəfərov beynəlxalq təcrübəyə istinad edərək, 16 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə hesablarının yaradılmasının məhdudlaşdırılmasını təklif edib. O, bu məsələnin geniş ictimai müzakirəyə çıxarılmasının vacibliyini də vurğulayıb.
Deputat hesab edir ki, belə bir addım uşaqların psixoloji təhlükəsizliyinin qorunmasına və cəmiyyətin milli-mənəvi dəyərlərinin saxlanmasına xidmət edə bilər.









