Dövlət Departamentinin mətbuat katibi İrəvanla Bakı arasında aparılan danışıqları müsbət qiymətləndirib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarını şərh edərkən bildirib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülh mümkündür.
“ABŞ bu danışıqların tərəfi deyildi. Lakin Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm addımlar olduğuna inanırıq və iki ölkə arasında davamlı sülhün mümkün olduğuna inanmağa davam edirik”, deyə, o, bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.









