Son günlərdə mətbuatda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) akkreditasiyadan keçməsi ilə bağlı məlumatlar yayılır. Özlüyündə bu, müsbət hadisədir. Lakin məsələni mahiyyət və funksional səmərəlilik baxımından təhlil etdikdə ortaya ciddi suallar çıxır: görəsən ARTİ hansı model üzrə akkreditasiyadan keçib, onun fəaliyyəti bu statusa uyğun gəlirmi?
Status problemi. ARTİ institutdur, yoxsa təlim mərkəzi?
Akkreditasiya yalnız formal uyğunluq yox, həm də funksional tanınmadır. Yəni, qurumun nə olduğu (institut, yoxsa təlim mərkəzi?) və nə etməli olduğu (bilik istehsalı, yoxsa təlim verən) aktda göstərilir. Əgər ARTİ elmi-tədqiqat institutu kimi akkreditasiyadan keçibsə, bu halda onun əsas məhsulu elm olmalıdır, yəni, nəzəri modellər, tətbiqi tədqiqatlar, təhsil siyasəti üçün analitik əsaslar, data əsaslı qərar dəstəyi v.s. Əgər ARTİ təlim mərkəzi kimi akkreditasiyadan keçibsə, bu halda onun funksiyası kadr hazırlığı və təlim xidmətləri olmalıdır. Onda “institut” adı semantik və təşkilati baxımdan yanlış çərçivə yaradır. Bu ziddiyyət göstərir ki, ARTİ-nin təşkilati kimliyi qeyri-müəyyəndir. Bu isə strateji səviyyədə ciddi riskdir. Amma 95 yaşlı bu institut vaxtı ilə konkret məqsədlə yaradılıb və öz tarixi boyu (son 10 il istisna olmaqla) bu vəzifəsinin öhdəsindən gəlib, təhsil sisteminin elmi təminatı problemlərinin həllinə lazımi dəstək verib.
ARTİ-nin elmi-tədqiqat fəaliyyəti və real nəticələri.
Əgər ETN ARTİ-ni elmi institut kimi təqdim edirsə, onda sual yaranır: son 10 ildə ARTİ Azərbaycan təhsilinə hansı fundamental elmi töhfələr verib? Analitik baxımdan bu sualı 3 hissəyə bölmək olar:
Təhsil problemlərinin elmi diaqnostikası varmı? Azərbaycan təhsilində bu gün ciddi sistem problemləri var. Məsələn, keyfiyyətli təhsil strategiyası hələ də yoxdur, kurikulum fragmentasiya xarakterlidir, konseptual olaraq zəifdir, təhsilin rəqəmsallaşması elmi müstəvidə dəstəklənmir, ali və orta ixtisas təhsili üzrə elmi araşdırmaları yox həddindədir, müəllim hazırlığında keyfiyyət problemi var, qiymətləndirmə sistemi formaldır, universitetlərdə elmi məhsuldarlığın səviyyəsi aşağıdır, təhsil ilə əmək bazarı arasında disbalans var v.s. Bu problemlərə dair sistemli empirik tədqiqatlar, davamlı data analizləri varmı? Müqayisəli modellər hazırlanıbmı? Əgər yoxdursa, bu artıq institutun öz əsas missiyasını yerinə yetirmədiyini göstərir.
Elmi həll modelləri varmı? Elm yalnız problemi təsvir etmir, həm də model təklif edir. Məsələn, Finlandiya modeli (müəllim muxtariyyəti və tədqiqata əsaslanan pedaqogika), Cənubi Koreya modeli (mərkəzləşdirilmiş mükəmməllik və hesabatlılıq), Sinqapur modeli (təhsil siyasətinə əsaslanan adaptiv sistem). ARTİ bu kontekstdə Azərbaycanın spesifik sosial-iqtisadi kontekstinə uyğun model təklif edibmi? Pilot layihələr qurubmu? Nəticələri ölçübmü, qiymətləndiribmi? Əgər bu mexanizmlər yoxdursa, onda elmi fəaliyyət yox, imitasiya var.
Elmi məhsul varmı? Elmi institutun ölçülməsi üçün əsas indikatorlar kimi impakt faktorlu jurnallardakı nəşrlər, milli təhsil siyasətinə təsir edən analitik hesabatlar, açıq data platformaları, metodoloji çərçivələr tətbiq edilirmi? Əgər bu indikatorlar görünmürsə, institutun elmi statusu zəifləyir.
Təlim mərkəzi ssenarisi. Əgər ARTİ faktiki olaraq təlim mərkəzi kimi fəaliyyət göstərirsə, bu halda “İnstitut” adı funksional inflyasiyaya səbəb olur. “İnstitut” anlayışı elmi nüfuz və hörmət deməkdir. Təlim fəaliyyəti isə operativ və texniki xarakter daşıyır. Bu ikisinin qarışması sistemdə anlayış xaosu yaradır, resursların yanlış bölgüsünə səbəb olur.
ARTİ-nin təlim fəaliyyəti də səmərəli deyil. Real müşahidələr göstərir ki, müəllim treninqləri formal xarakter daşıyır, nəticə əsaslı qiymətləndirmə yoxdur, təlimlər sistemli deyil, səriştə inkişafına çevrilmir. Yəni, faktiki olaraq, nə keyfiyyətli elm, nə də keyfiyyətli təlim yoxdur.
10 illik tənəzzülün səbəbləri. ARTİ-yə nə oldu belə?
Missiyadan yayınma. İnstitut elm istehsal etməli olduğu halda, inzibati və layihə yönümlü fəaliyyətə keçib.
İnsan kapitalı problemi. Tədqiqatçı kadrların zəifliyi, beynəlxalq akademik şəbəkələrə inteqrasiyanın olmaması, meritokratiyanın zəif işləməsi. İnsan kapitalı baxımından ən ciddi problem institutun rəhbərliyi səviyyəsindədir. Son 10 ildə ARTİ-yə təyin edilən direktorların səviyyəsi, elmi-praktik baxımdan institutun səviyyəsizndən aşağı idi. Son 3 direktorun ikisinin ümumiyyətlə elmlə heç bir əlaqəsi yox idi, nə elmi dərəcəsi, nə də tədqiqat təcrübəsi var idi. Biri isə təhsil elmlərindən uzaq idi.
Siyasi-texnokratik boşluq. Təhsil siyasəti data əsaslı deyil, elmi qurumlarla real əlaqəsi yoxdur. Nəticədə ARTİ qərar verən qurum yox, icraçı struktur kimi qalır.
Hesabatlılıq mexanizmi zəifdir (bütün təhsil sistemində olduğu kimi). ARTİ-də nəticə indikatorları yoxdur. Nəticələr yox, proses ölçülür, xarici audit sistemi zəifdir.
Akkreditasiya nəyi dəyişir? Əgər akkreditasiya yalnız sənəd və prosedur uyğunluğunu yoxlayırsa, onda bu kosmetik dəyişiklikdir. Əgər akkreditasiya real performans və nəticə ölçmürsə , onda sistemə təsiri minimaldır. Əslində isə akkreditasiya bu suallara cavab verməli idi: ARTİ hansı problemi həll edib? Hansı modeli yaradıb? Hansı qərara təsir edib? Bu suallar cavabsız qalırsa, akkreditasiya formal olaraq legitimdir, amma səmərəli deyil. ARTİ ilə bağlı problem təkcə bir institutun problemi deyil, bu, Azərbaycan təhsil sistemində dərin struktur problemin göstəricisidir. Bu durum göstərir ki, elm institutları var, amma elm yoxdur, strukturlar var, amma funksiyalar işləmir.
ARTİ ya həqiqi elmi-tədqiqat institutuna çevrilməlidir, ya da açıq şəkildə təlim və tətbiq mərkəzi kimi yenidən strukturlaşdırılmalıdır. Hibrid model isə uğursuzdur.
Strateji çıxış yolu kimi ARTİ –nin funksiyası yenidən müəyyənləşilməli, statusu dəqiqləşdirilməlidir. ARTİ elmi-tədqiqat mərkəzi kimi yaradılmalı, real tədqiqat qrupları və data mərkəzi qurulmalıdır. Təhsil siyasəti laboratoriyası modeli kimi qurulmalı, təhsil siyasəti üçün eksperimental platformalar yaradılmalıdır, beynəlxalq inteqrasiya etməli, qlobal (ən azı TDT səviyyəsində) akademik şəbəkələrə qoşulmalıdır. Hesabatlılıq sistemi yaradılmalı, KPI əsaslı təsirin ölçülməsi, açıq hesabatlılıq olmalıdır.
Beləliklə, ARTİ-nin akkreditasiyası məsələsi texniki yox, strateji uyğunluq məsələsidir: ARTİ həqiqətən elm istehsal edən institutdur, yoxsa formal struktura çevrilmiş təşkilat? Bu suala aydın cavab verilmədən aparılan akkreditasiya təhsil sistemində real dəyişiklik yaratmayacaq.
Dosent İlham Əhmədov









