ADY-dən narazılıqlar artır: “Hər gün kiminsə ürəyi gedir”

ADY-dən narazılıqlar artır: “Hər gün kiminsə ürəyi gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADY-dən narazılıqlar artır: “Hər gün kiminsə ürəyi gedir”Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarda hər gün gərginlikdən kiminsə ürəyi gedir.
Sərnişinlərin dilinin altında deyinməkdən başqa əlindən heç nə gəlmir. Media da yazıb-pozur. Amma bütün bunlara rəğmən ADY-nin heç tükü də tərpənmir.

Tribuna.az xəbər verir ki, problemi bu dəfə jurnalist Sevinc Paşayeva dilə gətirib. O bildirib ki, bu istiqamətdə hər gün gərginlik və problem yaşanır:

“”Azərbaycan Dəmir Yolları” Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarın 7:20 reysini ləğv edib. Özü də mövsümün ən qızğın vaxtında verib bu qərarı. Bununla da hərəkət cədvəlində birdən-birə 20 dəqiqə interval yaranıb. İndi o intervala görə həm Sumqayıt sakinləri 7:10-da mindikləri qatarda əlavə olaraq 20 dəqiqə gözləməli olurlar (7:30-da tərpənir), həm də Bakıya qədərki stansiyalarda yaranan basabas nəticəsində qatar mənzil başına ən azı 10 dəqiqə də gecikir. Yolboyu 12 stansiyada minib-düşən sərnişinlər 1 saatlıq məsafəni bir-birinin belində qət edirlər. Üstəlik, vaqonlarda operatorun elan etdiyi kimi, əlillərə, uşaqlara, qocalara və hamilə qadınlara yer vermək mümkün olmur. Bu payız havasında kondisionerlər də söndürülmür ki, qapı ağzında sıx dayanan insanlar boğulmasın.

Əvəzində vaqon içində oturanların soyuqdan əl-ayağı donur.

Uzun sözün qısası, bu qrafikə görə yollarda xeyli vaxt, enerji və əsəb itirən insanlar mənzil başına çatana kimi rəsmən bir-birinin ətini yeyirlər”.

S.Paşayeva bildirib ki, bütün bunlar ADY əməkdaşlarının gözü qarşısında baş verir:

“Sürücünün “qapını buraxın!” əmri qulaq batırır, bələdçilər vaqonlara normal şəkildə nəzarət edə bilmir, hər gün gərginlikdən kiminsə ürəyi gedir və s. və i.

Sərnişinlərin isə dilinin altında deyinməkdən başqa əlindən heç nə gəlmir. Media da yazıb-pozur. Amma bütün bunlara rəğmən ADY-nin heç tükü də tərpənmir.

Nə qrafikinə əncam çəkir, nə vaqonlarının sayını artırır, nə də Bakı-Xırdalan-Sumqayıt reysini bərpa edir ki, sərnişinlərin rahatlığı təmin olunsun.

İndi kimə deyək dərdimizi? Gələn ildən 12 minə qol çəkəcək Ombudsmanamı?”.

Gülşən Rəsul