Bizim ən böyük problemimlərimizdən biri də universitetlərdə kadr hazırlığının arzuolunan səviyyədə olmamasıdır. Buna görə də universitet müəllimləri mütləq sertifikasiyadan keçməlidir.
Tribuna.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Ramin Nurəliyev çıxış edib. O bildirib ki, hazırda sadəcə magistr dərəcəsi olan, elmi araşdırma etməyən, beynəlxalq məqalə yazmağı bacarmayan, bolonya sisteminin tələbi ilə tədris prosesini aparmayan müəllimlər var universitetlərimizdə:
“Praktiki biliklərdən xəbərsiz, labaratoriya dərslərini tələbələrə aşılaya bilməyən müəllimlər var ki, universitetlərdə dərs keçirlər.

MİQ imtahanından nəticə göstərə bilməyib, sadəcə magistr dərəcəsi ilə universitetlərdə müxtəlif yollarla əmək fəaliyyətinə başlayan müəllimlər də var.
Beynəlxalq təhsil formasından xəbərsiz, mütəmadi tədqiqat işləri aparmayan, ali təhsilin tədrisindən bixəbər müəllimləri universitetdən uzaqlaşdırmaq lazımdır.
Tədrisi ingilis dilində olan ixtisaslara ingilis dilində tədrisi apara bilməyən, dərsin böyük bir qismini ingilis dilində danışmayan müəllimlər də var universitetlərdə.
Kiminsə qohumu, tanışı, dostu, katibəsi savadsızdırsa, universitetdə qəti dərs keçməməlidir.
Bəlkə universitet müəllimlərini analiz edib, yoxlasaq, müəllimlərin sertifikasiyasından daha acı vəziyyətlə qarşılaşarıq”.
Gülşən Rəsul









