Ukrayna Silahlı Qüvvələri noyabrın 19-na keçən gecə “Neptun” qanadlı raketləri ilə Krım körpüsünün dəmir yolu hissəsinə zərbə endirib.
Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, raketlər körpünün tağ hissəsi və dəmir yolu xətləri yaxınlığına düşüb. Zərbənin nəticəsində yaranan dağıntıların miqyası dəqiqləşdirilir. Hadisədən sonra körpüdə qatarların hərəkəti dayandırılıb.
Ukrayna Müdafiə Nazirliyi bildirib ki, Krım körpüsü Rusiyanın Ukraynanın cənubundakı hərbi qüvvələrinin təchizatında mühüm rol oynayır. Körpü vasitəsilə yanacaq, sursat və digər hərbi yüklər daşınır.
Nazirliyin məlumatına əsasən, dəmir yolu hissəsinin uzunluğu 19 kilometrdir və onun tikintisinə Rusiyanın 228 milyard rubl vəsaiti xərclənib.
Ukrayna Baş Qərargahı da hücumu təsdiqləyərək, zərbənin Ukrayna Hərbi Dəniz Qüvvələrinin sahil raket komplekslərinə daxil olan “Neptun” raketləri ilə həyata keçirildiyini açıqlayıb.
Qurum qeyd edib ki, körpünün sıradan çıxarılması Rusiya qoşunlarını daha uzun alternativ marşrutlardan istifadə etməyə məcbur edə bilər. Bu isə cəbhə xəttinə yanacaq, sursat və hərbi texnikanın çatdırılmasını çətinləşdirəcək.
Ukrayna tərəfinin bildirdiyinə görə, bu, son bir həftə ərzində Krım körpüsünə qarşı üçüncü zərbədir. Bundan başqa, noyabrın 14-15-də Rusiya ərazisində və işğal altındakı ərazilərdə daha üç avtomobil körpüsünün də zədələndiyi iddia olunur.
Ukrayna Baş Qərargahı bu əməliyyatları ölkənin BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyini bəyan edib.
Qeyd edək ki, “Neptun” Ukraynanın istehsal etdiyi qanadlı raket sistemidir. Bu raketlər 2022-ci ilin aprelində Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserinin batırılmasında da istifadə edilib.









