Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilməsi sosial şəbəkələrdə yeni müzakirə açıb. İndi çoxlarını həm də DİM kimi əhəmiyyətli bir quruma kimin sədr gətiriləcəyi maraqlandırır. Müxtəlif adlar çəkilir. Sosial şəbəkələrdə də bununla bağlı təkliflər var.
Tribuna.az xəbər verir ki, təhsil ekspertləri DİM-ə təhsil ictimaiyyətinin içindən birinin rəhbər gətirilməsinin vacib olduğunu bildirir.
Ekspert Ramin Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzinə bu işi yaxşı bilən, yeniliklər istiqamətində qərarlı olan, təhsil ictimaiyyəti ilə əməkdaşlıq edən, müasir dövrün tələblərinə uyğun sistem quran biri gətirilməlidir:
“Dövlət İmtahan Mərkəzinin rəhbəri kimi bu iki şəxsdən birini görmək istərdim.
Elmar Qasımov; Təhsil nazirinin müavini kimi fəaliyyət göstərib, Bakı Ali Neft Məktəbi kimi ali təhsil ocağını sıfırdan quraraq ən yüksək pilləyə qaldırıb. Ümid edirəm, DİM üçün çox böyük işlər görə bilər.
Rüfət Əzizov; Sumqayıt Dövlət universitetində çox böyük işlər gördü. Universitetdə korrupsiyaya son qoydu. SDU-nun adını beynəlxalq reytinq siyahısına düşməsində böyük xidmətləri oldu.
Azərbaycan Neft və Sənaye Universitetinə rəhbər təyin edildikdən sonra çox böyük uğurlara imza atdı. Universitet sanki dirçəliş dövrünü yaşayır”.
Nigar İxtiyarqızı









