Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paket üzərində anlaşaraq ictimaiyyətə açıqlayıb.
Tribunainfo.az məlumat verir ki, dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid və insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir.
“Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini, seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdırıb, xalqa açıqladıqdan sonra seçki kampaniyasına hazır şəkildə daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçki sonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namzədin adı yekunda elan olunacaq. (Böyük ehtimalla 2023-ün yanvarında.)
“Altılı masa” xarizmatik liderin ətrafında formalaşan və xalqın, dövlətin taleyini həmin avtokrata həvalə edən iqtidardakı Cumhur İttifaqı koalisiyasından fərqli olaraq, dəyərlərə və prinsiplərə əsaslanan bir ittifaq və ölkə idarəçiliyi modeli ortaya qoyur. Fərqli ideologiyalara, proqramlara sahib 6 siyasi partiyanın qarşılıqlı kompromislərlə milli maraqları əsas götürən siyasət anlayışı ortaya qoyması yüksək siyasi mədəniyyət göstərici olmaqla, Türkiyə siyasi tarxində görünməmiş bir hadisədir. Bu birlik seçki ittifaqının çərçivəsindən çox uzağa gedən, bütövlükdə sistemin köklü şəkildə rekonstruksiyasını nəzərdə tutan tarixi əhəmiyyətli siyasi konsensusdur.
Siyasi şərhçi Şahin Cəfərli “Altılı masa”nın çalışmalarını İspaniyada Franko diktaturasından parlament demokratiyasına keçid prosesinə və bu çərçivədə 1977-ci ildə imzalanan Monkloa Paktına bənzədir: “Prezidentliyə vahid namizəd seçimində yaranacaq fikir ayrılıqlarının ittifaqı pozmasına imkan verilməsə, Ankarada Qurtuluş savaşından sonrakı qurucu ruhun 100 il sonra “Altılı masa”nın timsalında yenidən təcəlli etdiyini söyləmək olar.









