Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda “Nemesis” terror əməliyyatına həsr olunmuş abidənin açılışını pisləyir.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bu hadisənin Ermənistan mətbuatında da təqdim olunması onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqlənməmiş şərhi bəzi insanların beynində hələ də qalmaqdadır”.
Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribat xarakterli addımlar heç bir halda regionda sabitlik və sülhün bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcəklər”.
Xatırladaq ki, aprelin 25-də İrəvanın mərkəzində, Dairəvi parkın 4-cü hissəsində “Nemesis” əməliyyatı qəhrəmanlarının xatirəsini əbədiləşdirən fəvvarə-memorial açılıb. Mənbə-memorialda “Erməni Soyqırımı”nı təşkil edən və həyata keçirən türklərin liderlərinin adları, eləcə də 1918-ci il Bakıda “ermənilərin qırğınında” ölənlərin adları qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də abidənin açılışını pisləyən bəyanat yayıb.









