Bu məsələni bu qədər yanlış formada müzakirə etmək düzgün deyil. Fazil bəy çıxışı zamanı – qadınlar bir uşaq dünyaya gətirəndən sonra alimentə görə boşanır – sözlərini indi təqdim edildiyi formada demədi. O qeyd etdi ki, belə arqumentlər də gətirirlər ki, qadınlar alimentə görə boşanır.
Bu sözləri Tribuna.az-a deputat, “Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O qeyd edib ki, Fazil Mustafanın fikirləri düzgün təqdim edilməyib:
“Mən qadın cəmiyyətinin sədriyəm. Bu gün mənə qadınlarla yanaşı, qadınların yoldaşları da müraciət edir. Qızlarımız çox vaxt dözümsüzlük göstərir, bəzən xırda səbəblərdən böyük problem yaradırlar. Məsələ bundan gedir.
Ancaq əlbəttə, uşaq anadadırsa, dövlətin göstərdiyi qanuna əsasən aliment də ödənilir. Elə hallar var ki, atalar da alimenti ödəməkdən yayınırlar. Bu kimi hallar da var. Hər iki tərəfdə də səhvlər olur. Boşanma səbəbləri müxtəlifdir, hər cür versiya irəli sürülür, hər cür arqument göstərilir. Səbəb bir deyil və günah da bir tərəfdə olmur. Müzakirə edilən budur.
Fazil bəyin demək istədiyi bu idi ki, belə versiyalar, belə arqumentlər də var. Fazil bəy boşanmalara səbəb sırf bu məsələdir demir. Deyir ki, arqument kimi bunu də göstərirlər.
Bu çıxış zamanı mən də orada idim. Boşanmalara səbəb, irəli sürülən versiyalardan danışırdı və “qadınlar bir uşaqdan sonra alimentə görə boşanır” sözlərini öz fikri kimi deyil, arqument kimi səsləndirdi”.
Nigar İxtiyarqızı









