Avropa İttifaqı bu gün Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək.
Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz deyib.
“Növbəti addım olaraq, NATO və Avropa İttifaqındakı beynəlxalq tərəfdaşlarla sıx koordinasiya əsasında bu gün yeni sanksiyalar qəbul edəcəyik”, – Şolz deyib.
Onun sözlərinə görə, sanksiyaların məqsədi Rusiya rəhbərliyinə bu təcavüzün acı bədəlini ödəyəcəklərini və bunun böyük səhv olduğunu başa salmaqdır.
Şolz həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın suverenliyini və sərhədlərini pozur, bu ölkənin sakinlərinin həyatını və Avropada sülh asayişini təhlükə altına qoyur. Bunun üçün heç bir bəhanə yoxdur, – kansler vurğulayıb.
Bundan əlavə, Şolz bütün Almaniya vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.
Bundan bir qədər əvvəl isə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Rusiyaya qarşı sanksiyaların və Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar birjaların çökməsinin Almaniya da daxil olmaqla, nəticələri olacaq.









