Külli miqdarda dələduzluqda təqsirləndirilən bloqer Kənan Balahəsənlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Tribuna.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Kənan Balahəsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, nformasiya texnologiyaları sahəsində mütəxəssis olan və “instagram”da 260 min izləyicisi olan Kənanın “EKOİN” adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.
Zərərçəkmiş şəxslər ifadələrində Kənan Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib. Onun keçmiş sevgilisi E.İsgəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93 500 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.









