ABŞ-nin Kaliforniya ştatında yerləşən “Skydive Elsinore” mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib.
Tribuna.az xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Levi Pimentel sərbəst düşmə və paraşütlərin açılması mərhələləri problemsiz başa vurublar.
Lakin yerdən təxminən 46 metr yüksəklikdə eniş manevri edərkən onlar havada toqquşublar.
Toqquşma nəticəsində paraşütlər bir-birinə dolaşıb və hər iki idmançı böyük sürətlə yerə çırpılıb. Xəstəxanaya çatdırılan zərərçəkənlərin həyatını xilas etmək mümkün olmayıb.
Xüsusi lisenziyaya malik təcrübəli paraşütçülərin ölümü ilə nəticələnən qəza barədə ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) məlumat verilib. Hüquq-mühafizə orqanları və mütəxəssislər faciənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün idmançıların istifadə etdiyi avadanlıqları ekspertizadan keçirirlər.
ABŞ Paraşüt Assosiasiyasının statistikasına əsasən, 2025-ci ildə ölkə üzrə həyata keçirilən 3,47 milyon paraşütlə tullanma halından 16-sı ölümcül qəza ilə nəticələnib.











