“Rusiya Ukraynadan böyük fəlakətlə çıxacaq və bu ölkəni işğal edə bilməyəcək”. Bu fikri TİA. Az-a professor Qabil Hüseynli 4 gündür davam edən qanlı döyüşlər haqda danışarkən deyib. Politoloqun sözlərinə görə, artıq Xarkovda küçə döyüşləri gedir, Ukrayna ordusunun döyüş əzmi isə getdikcə artır: “Ukraynaya Qərbdən yeni, müasir silahlar sürətlə daxil olmaqdadır.
Açığı, heç kim gözləmirdi ki, Ukrayna fədakarlıqla, döyüşəcək. Bəli, hazırda Rusiya ordusunda taktiki üstünlük ola bilər, amma şəhərlər əldən ələ keçir. Məncə, Xarkovda rus ordusu məğlub olacaq və bu şəhər onlar üçün bir tələdir. Rusiya sanki yalvarır, Zelenskini danışığa da çağırdılar, amma psixoloji üstünlük əldə edən Ukrayna danışığa getmədi”.
Q. Hüseynlinin zənnincə, hər gün Ukrayna ordusunun təcrübəsi artır, Rusiyaya isə sanksiyalar öldürücü həddə çatıb: “Aparıcı banklar “Svift” sistemindən çıxır, rubl dəhşətli dərəcədə çökür. Əminəm ki, artıq işə salınan partizan hərəkatı Rusiya ordusunu tamamilə taqətdən salacaq. Rus ordusu “Vaqner” istisna, uşaq-muşaq, yaxşı hazırlıq keçməmiş əsgərlərdən ibarətdir. Ukrayna ordusu psixoloji üstünlüyü saxlayır və taqətdənsalma taktikasını həyata keçirməkdədir. Ona görə ya 150 minlik rus qoşunu geri çəkiləcək, ya da təslim olacaq. Putin dalana dirəndiyini yaxşı bilir”.
TİA.Az









