Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.
Martın 28-dən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.
Müəyyən olunan yerlərə COVİD-19 pasportu tələbi ləğv edilib. Bununla da ölkədə COVİD-19-la bağlı məhdudiyyətlər bir qədər də yumşalıb. Artıq demək olar ki, karantin rejimindən çıxmaq ərəfəsindəyik. İndi yalnız bəzi məhdudiyyətlər qalıb. Bu da ölkənin quru sərhədləri ilə gediş-gəlişlə əlaqəlidir. Lakin əksəriyyət quru sərhədlərinin açılmasının vaxtının çatdığını düşünür.
İqtisadçı ekspert Natiq Cəfərli də bu fikirdəir. O, Bakupost.az -a açıqlamasında deyib ki, epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, sərhəd qadağası nədənsə hələ də qalır:
“Artıq quru sərhədlərinin açılması ilə də bağlı müvafiq qərar verilməlidir. Azərbayacana qonşu olan bütün ölkələr quru sərhədlərini açıq saxlayır. Bu məqamda Azərbaycanın sərhədlərinin bağlı qalmasını doğru hesab etmirəm. Pendemiya bitmək üzrədir, təhlükə sovuşub. Bu səbəbdən də quru sərhədlərinin bağlı saxlamağın heç bir mənası yoxdur. Bu durum xaricə getmək istəyən və ölkəmizə qayıtmağa çalışan soydaşlarımıza problem yaradır, eyni zamanda turistik səfərləri əngəlləyir. Yay fəslinin gəldiyini nəzərə alsaq, turizmin yenidən dirçəldilməsi üçün quru sərhədlərinin açılması vacibdir. Azərbaycan turizmdən daha çox gəlir götürmək istəyirsə, mütləq quru sərhədləri açmalıdır. Gürcüstan ötən il Azərbaycandan altı dəfə çox turist qəbul edib. Azərbaycanla Rusiya arasında quru sərhədlərin bağlanması turist axınına mane olur. Hava yolu nəqliyyatının baha olması səbəbindən istirahət üçün Azərbaycanı seçən turistlər istiqamətlərini dəyişdirmək məcburiyyətində qalırlar. Rusiyadan Azərbaycana hava yolu ilə 27 reys həyata keçirilsə də, qiymətlər çox bahadır. Quru sərhədlərin bağlı olduğu dövrdə turistlər hava nəqliyyatından asılı vəziyyətdə qalırlar. Əgər quru sərhədləri açsalar, bu hava nəqliyyatında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırkı şəraitdə isə AZAL qiymətləri diktə edir. Nəticədə zərər Azərbaycan turizminə dəyir”.
N.Cəfərli qeyd edib ki, quru sərhədlərinin bağlı qalması bəzi aviaşirkətlərə təyyarə biletlərinin baha olmasına görə sərf edir:
“Lakin mövcud vəziyyət insanlar tərəfindən narazılıqla qarşılanır. Narazılıqların olması da başadüşüləndir. Vətəndaşların qonşu ölkələrdə xeyli sayda yaxınları, tanışları var. Gedib yaxınları, qohum-əqrabası ilə görüşmək istəyirlər. Ancaq sərhədlərin bağlı olması ucbatından gedə bilmirlər. Hesab edirəm ki, bütün bunları nəzərə alıb ən qısa zamanda quru sərhədlərin açılması ilə bağlı müvafiq qərar verilməlidir”.









