Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 2022-ci ildə hərbi toplanış üçün ehtiyatdan çağırılması haqqında fərman imzalayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.
Sənəddə deyilir: “2022-ci ildə ehtiyyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.
Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları yoplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bu arada Rusiya və Ukrayna sərhədində qaçqınlar səbəbindən yaranmış gərgin vəziyyət davam edir. “Luqansk Xalq Respublikası”nın lideri Leonid Paseçnik bildirib ki, Rusiya Federasiyası insanları öz ərazisində yerləşdirməyə hazırdır. O, həmçinin kişiləri “LXR”-ı “müdafiə etməyə” çağırıb. Donetsk separatçılarının lideri Denis Puşilin də bildirib ki, “DXR” hakimiyyəti əhalinin kütləvi şəkildə Rusiyaya təxliyəsini təşkil edir. Puşilinin sözlərinə görə, “ilk növbədə qadınlar, uşaqlar və qocalar təxliyə edilir”.
Kütləvi evakuasiya xəbərindən sonra ilk dəqiqələrdə Kremldən bu barədə heç nə bilmədiklərini söyləyiblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “mən indi orada nə baş verdiyini bilmirəm” deyib, həmçinin əlavə edib ki, əhalinin köçürülməsinin Moskva ilə koordinasiya edilib-edilməməsindən xəbəri yoxdur.

Tanınmamış “xalq respublikaları” ndan Rusiyanın Rostov vilayətinə 80-dək avtobusla qaçqınlar gəlib. Bu gün səhər saatlarında olan məlumata görə, 6 minədək adam Rostov vilayətinə gəlib. Gələnlərin əksəriyyəti ana və uşaqları, eləcə də yaşlı adamlardır. Rusiya Fövqəladə Hallar Nazirliyi qərargah yaradıb. Rusiya hökuməti hər bir qaçqın üçün 10 min rubl maddi yardım ayırıb . Orenburq vilayətinin qubernatoru Denis Pasler də bildirib ki, region təxliyə edilmiş sakinlərini qəbul etməyə hazırlaşır.
BBC xəbər verir ki, kütləvi evakuasiya Donbasın 700 min və ya 1 milyondan çox sakinini əhatə edə bilər. Bu səhər isə məlum olub ki, Donbas sakinləri qatarla da təxliyə olunmağa başlayıb. İlk qatar bu səhər saat 8-də Rostov istiqamətində yola düşüb. İkinci qatar saat 15:33-də yola düşəcək. Bundan başqa, saat 11:00 və 18:00-da dörd avtobus xəttə buraxılacaq.

Donbas sakinlərinin Rusiyaya kütləvi təxliyyəsi elan edildikdən dərhal sonra “DXR hökuməti” binası yaxınlığında UAZ hərbi maşını partladılıb. “DXR -in xalq milisləri”nin rəhbəri Denis Sinenkov “İnterfaks”a bildirib ki, partladılan onun maşınıdır. Partlayış nəticəsində xəsarət alan olmayıb. UAZ-ı kimin və niyə partlatdığı məlum deyil.
Gecə Luqanskda iki güclü partlayış səsləri də eşidilib. Məlum olub ki, partlayışlar qaz kəməri və yanacaqdoldurma məntəqələrində baş verib. “Luqanskqaz” şirkətinin baş direktoru Tatyana Boqorodko bildirib ki, hər iki halı təxribat-diversiya kimi qiymətləndirirlər.
“AzPolitika.info”









